Bir neçə gün bundan öncə paytaxtın 9-cu mikrorayon ərazisində “Zeytunluq” deyilən məkandakı “Göygöl” restoranının inşası zamanı xeyli sayda ağacın məhv edildiyindən bəhs etmişdik. Bu günlərdə cumhuriyyet.az-a məlum olayla bağlı yeni informasiyalar daxil olub. Məlumatda restoran və onun inşası ilə bağlı maraqlı nüasnlar mövcuddur.
“Radarlardan itən” sabiq bələdiyyə sədri yenidən gündəmdə
Redaksiyamıza yeni daxil olan məlumata görə, “Göygöl” restoranının sahibi Aqil adlı şəxs restoranın inşası üçün gərəkli olan ərazini Binəqədi rayonunun sabiq bələdiyyə sədri Fəzail Babayevdən alıb. Məlumat üçün qeyd edək ki, uzun müddət Binəqədi rayonunda bələdiyyə sədri işləyən F.Babayevin adı uzun illər ölkə mediasında müxtəlif qaranlıq məsələlər və qalmaqallarla hallanıb. Sabiq bələdiyyə sədrinin paytaxt ərazisində çoxsaylı mülklərə malik olması, bələdiyyə sərəncamında olan torpaqların aqibəti ilə bağlı istədiyi kimi sərəncam verməsi də medianın daim diqqət mərkəzində saxladığı məsələlrdən olub.
F.Babayevi media üçün əhəmiyyətli edən digər bir amil isə onun sabiq MTN generalı Akif Çovdarovla qohumluq əlaqələrinə malik olması olub. Sabiq bələdiyyə sədrinin vaxtiylə məhz bu faktordan istifadə edərək özünə “gün ağladığı” da mətbuatın zaman-zaman gündəmə gətirdiyi məsələlərdən biridir.
“Göygöl” restoranının inşası üçün gərəkli olan ərazinin məhz F.Babayevin “xeyir-duası” ilə gələcək sahibinə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə yəqin ki, sabiq bələdiyyə sədrinin xidməti bioqrafiyasını bir qədər də zənginləşdirəcək və onu z kateqoriyasından olan şəxslər üçün daha “əlçatmaz” edəcək.
Qanunsuz inşaata icazə verən Xaləddin isgəndərovun hansı kadrı olub?
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan mlumatda qeyd olunur ki, “Göygöl” restoranının inşası üşün gərəkli ərazi F.Babayevdən alınsa da, ərazidə inşaat işlərinin aparılması üçün ehtiyac duyulan razılığı Binəqədi Rayon İcra Hakimiyyətinin sabqi başçısı Xaləddin İsgəndərovun kadrlarından biri verib. Daha dəqiq desək, icra başçısının müavini İlqar Süleymanov “Zeytunluq” ərazisində belə bir restoranın inşaasında problem görmədiyini vurğulayıb. Məhz onun razılığından sonra ərazidə inşaat işlərinə start verilib ki, bu da ağacların məhvi hesabına nəhəng ictimai iaşə obyektinin meydana çıxmasına səbəb olub. Başqa sözlə desək, F.Babayevin başlatdığı proses məhz İ.Süleymanovun “zəhməti” sayəsində başa çatıb.
Onu da qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin indiki rəhbərliyi rayon ərazisindəki qanunsuz tikililərə qarşı ciddi mübarizə aparmaqla yanaşı, yaşıllıqların qorunması istiqamətində də mühüm addımlar atır. Məhz hazırkı icra başçısının öz işinə hədsiz məsuliyyətlə yanaşmasının nəticəsidir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin nüfuzu xalq arasında əhəmiyyətli dərəcədə artmaqda, həyata keçirilən yeniliklər xalq tərəfindən təqdir edilməkdədir.
Memarlıq və Şəhərsalma Baş İdarəsi hərəkətə keçdi: Qəfil söküntünün “altında” kimlər qalacaq?
“Göygöl” restoranı ilə bağlı bilgi verən mənbənin sözlərinə görə, bir müddət bundan öncə əraziyə baxış keçirən zaman “Göygöl” restoranının ərazisinə məxsus hasar və yardımçı təsərrüfatın bir hissəsini sökən BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi, bununla onlarla ağacı məhv olmaqdan xilas edib. Lakin BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu addımı nə qədər təqdirəlayiq olsa da, bu, “Göygöl” restoranı ilə bağlı məsələnin yekunu sayıla bilməz. Çünki ortada onlarla ağacın məhv edilməsi, qanunsuz tikintinin həyata keçirilməsi və s. kimi məqamlar mövcuddur ki, bu qanunsuzluğa yol verən, ona şərait yaradan, göz yuman, onun icraçısı və ya sifarişçisinə çevrilən hər kəsin məsuliyyətə cəlb edilməsi zəruridir.
Çox güman ki, yaxın gələcəkdə əlaqədar qurumlar məsələyə ciddi reaksiya verəcək və bu gün özünü toxunulmaz hesab edən çox insan BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin həyata keçirdiyi bu sökünütünün “altında qalacaqdır”.