2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən altı məktəbdə əsaslı təmir işləri, yeddi məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.
Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.
Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.
Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.