AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücülər, DİQQƏT! Bu yollarda tələ var: cəriməsi 40 manatdır

  • + A
  • - A
  • 25-12-2019, 16:37

    Sürücülər, DİQQƏT! Bu yollarda tələ var: cəriməsi 40 manatdır


    Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə edilirlər

    Bakıda sürücüləri çaşdıran, qeyri-müəyyən yollarla bağlı şikayətlər çoxalır. Lent.az -ın oxucularından bəziləri bununla bağlı redaksiyaya müraciət edib.



    Yol hərəkətinin düzgün qurulması baxımdan sürücü məsuliyyəti ilk pillədə gəlsə də, digər texniki amillər də burada az rol oynamır. Məsələn, yollarda nişanlanmanın səhv olması həm sürücülərin böyük narazılığına, həm də qəzalara səbəb olur. Sosial şəbəkələrdə sürücülər də, yol hərəkət ekspertləri də müxtəlif problemli yerlərdən misallar çəkiblər. Ancaq hələ də istər paytaxt Bakıda, istərsə də bölgələrdəki bəzi yollarda nişanlanmada, işarələrin qoyulmasında problemlər qalmaqdadır.




    Mövzu ilə bağlı Lent.az -a açıqlama verən avtomobil eksperti Elməddin Muradlı, əsasən, yolayrıcılarında və kəsişmələrdə yanlış nişanların qoyulduğunu bildirib:

    Sürücülər, DİQQƏT! Bu yollarda tələ var: cəriməsi 40 manatdır


    “Nişanların səhv qoyulması ilə bağlı həm Bakıda, həm də bölgələrdə problemlər var. Əsasən də nişanla nişanlanma xətti üst-üstə düşmür, sürücülərin dili ilə desək, yerdəki və göydəki nişan arasında ziddiyyət yaranır. Ən sağ zolaqdan ancaq sağa dönmək olar prinsipi var. Ancaq təəssüflər olsun ki, əksər belə yollarda 5.8.1, yuxarıda konusvari işarələr var ki, sürücülərə əvvəlcədən o zolağa girməyi qadağan edir. Ya sağa, ya sola dönməyə icazə var. Ancaq zolağın axırına çatanda görürsən ki, düzünə icazə verilmir. Belə hal Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində var idi. Sübut etdik ki, bu zolaqda ancaq sağa dönməyə icazənin verilməsi doğru deyil. Hansı ki, həmin yolda düzünə gedənlərin sayı sağa dönənlərdən çoxdur. Bir zolağın buna görə də tutulması düzgün deyil. Elə olurdu ki, 2-3 dəfə işıqfor yanıb sönürdü, amma sağa 1-2 maşın dönürdü. Ancaq indi həmin zolaqla düzünə gedənlər da hərəkət edə bilərlər. Eyni problem Azərbaycan Nəşriyyatının qarşısında da mövcuddur. Belə ki, həmin yolda ən sol zolağın sonunda məlum olur ki, buradan ancaq sola dönmək olar. Halbuki, həmin işarələr heç olmasa 15 metrdən bir ən azı üç dəfə təkrarlanmalıdır. Ancaq bunu etmirlər”.



    Bir neçə qurum tərəfindən nişanların dəyişdirildiyini deyən ekspert, onların bu zaman müzakirə aparmamasını mənfi qiymətləndirib:



    “İstər avtobus dayanacaqlarında, istərsə də taksi duracaqlarında nişanlanma ilə bağlı problemlər çoxdur. Cərimələnmədə ən çox pul gətirən nişan olduğu üçün Azərbaycanda dayanma-durmanı qadağan edən nişanlara çox rast gəlinir. Amma bəzən lazımlı işarələrin olmadığını görürük. Problemin biri də budur ki, ayrı-ayrı qurumlar bir-birindən xəbərsiz nişanları dəyişirlər. Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi, yol polisinin Siqnal İdarəsi, bəzən Avtomobil Yolları Dövlət Agentliyi də bu işi görür. Təsəvvür edin ki, bir ölkədə 4-5 qurum nişan quraşdırmaqla məşğuldur. Təbii ki, bu qurumların hamısı ixtisaslaşmayıb deyə, ziddiyyətlər ortaya çıxır. Məsələn, elə yollar olur ki, hərəkət intensivliyi var və dayanma-durma qadağandır. Ancaq başqa bir qurum gəlib buna icazə verir. Yəni, digər qurumlarla birgə təhlil işi aparılmır. Bütün bu problemləri aradan qaldırmaq üçün prezidentin keçən ilin dekabrında imzaladığı yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında yer alan bir sıra məsələlərə diqqət etmək lazımdır. Həmin məsələlərdən biri də, yol nişanlarının, yol hərəkətinin təşkilinin həmin qurumlar tərəfindən birgə icrasıdır. Yəni, kimin kefi harada istədi nişan qurmamalı və hərəkəti təşkil etməməlidir”.

    Qeyd edək ki, yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə edilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR