BNA: Dayanma-durma ilə bağlı bizə səlahiyyətlər veriləndən indiyədək bu sahədə sürücülərin xeyrinə işlər aparırıq
Artıq bir ildir ki, şəhər ərazisində dayanma-durma, avtomobillərin parklanması ilə bağlı məsələlərin tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətinə verilib. Agentlik də küçələrə günü-gündən daha çox dayanma-durma nişanları quraşdırır. Nəticədə sürücülər get-gedə avtomobillərini saxlamağa yer tapmırlar. Məcburiyyətdən harda gəldi, saxlayanlar isə, cəriməyə məruz qalırlar.
Redaksiyamıza bu barədə çoxsaylı şikayətlər daxil olur. Sürücülər icazəli parklama yerlərinin azlığından, hər addımbaşı dayanma-durmanı qadağan edən nişanların quraşdırılmasından şikayətçidirlər.
“Bəs, biz nə edək? Avtomobilimizi harada saxlayıb, işin-gücün arxasınca gedək? Cibimizdə qoyaq, yoxsa qoltuğumuza alaq maşınlarımızı”, – deyə narazılıqlar var.
Hətta, bir avtomobil sahibi gecə saat 22.00 radələrində parklama qaydasını pozduğuna görə, 20 manat cərimə ilə üzləşdiyini deyir: “Yenə də pik saatları, tıxacların yaşandığı vaxtları başa düşməyə çalışırıq. Gecə saat 10-da, küçənin bomboş olduğu bir zamanda mənim avtomobilim kimə və nəyə mane olurdu ki, cərimələndim? Bu qədəri də yetər artıq!”
AYNA-nın əməkdaşı sürücülərin ciddi narazılığına səbəb olan bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. Qurumun sözçüsü sürücülərin gileyini başa düşdüyünü, lakin görülən tədbirlərin, məhz sürücülərin özlərinin rahatlığına xidmət etdiyini deyib.
“Dayanma-durma ilə bağlı bizə səlahiyyətlər veriləndən indiyədək bu sahədə sürücülərin xeyrinə işlər aparırıq. Belə ki, son bir ildə dayanma-durma nişanlarının sayını azaltmışıq. Bir çox qadağan olunan yerlərdə araşdırma aparmışıq və məlum olub ki, axşam saatlarında orada tıxac yaranmır və həmin ərazilərdə artıq dayanma-durmanı axşam saatlarına kimi qadağan etmişik”, – o bildirib.
BNA sözçüsünün sözlərinə görə, hətta sürücülərə güzəştlər də edilir: “Sürücü avtomobili qadağan olunmuş yerdə saxlayan kimi ona cərimə yazmırıq. 3-5 dəqiqə (yerinə görə zaman dəyişir) vaxt veririk. Sürücü bu müddət ərzində avtomobili qadağan olunan ərazidən çəkmirsə, o zaman artıq cərimə tətbiq olunur. Biz çalışırıq ki, sürücülər üçün şərait yaradaq”.
AYNA-ya şərh verən yol-nəqliyyat eksperti Elməddin Muradlı da avtomobil sahiblərinin narazılığını haqlı sayır: “Dayanma-durma nişanı artıq sürücülərin kabusuna çevrilib. Dayanma-durma ilə bağlı problemimiz çoxdur. Bu sahədə çox iş görməliyik. İlk növbədə parklanma yerlərinin sayı artırılmalıdır. Parklanma ilə bağlı qaydalar dəyişdirilməlidir. Bakıda parklanma ilə bağlı təcrübə özünü doğrultmadı. Ona görə yenidən parklanma məsələlərinə baxılmalıdır. Eyni zamanda, qiymətlər müəyyənləşməlidir. Bu məsələyə ciddi yanaşılmalıdır”.
“Ən böyük problemlərdən biri də parklama yerlərinin az olmasıdır. Bir çox mütəxəssislər deyirlər ki, “parklama qiymətini baha etmək lazımdır”, bəziləri isə deyirlər ki, “şəhərdə, ümumiyyətlə dayanma-durmanı qadağan etmək lazımdır”. Bəli, bu cür qayda bir çox dövlətlərdə var. Amma unutmayaq ki, həmin ölkələrdə normal ictimai nəqliyyat var. Onlarda trolleybus, metro, avtobus, qatar və başqa ictimai nəqliyyatlar mövcuddur. Avtobuslar vaxtı-vaxtında işləyir. Axı bizdə elə deyil”, – deyə o bildirib.
Muradlının fikrincə, hər yerə dayanma-durmanı qadağan edən işarə qoyub sürücüləri cərimələmək ədalətsizlikdir: “Cəriməyə səbəb olan işarələrin sayı günü-gündən artır. Amma məlumatverici lövhələr yoxdur. Bu yanaşma tərzi dəyişməlidir. Nə qədər qadağan işarəsi qoymaq olar? Yaxşı bəs, bu avtomobillər harada dayansın?”
“Bakı Nəqliyyat Agentliyinin işçiləri “dayanma-durma qadağandır” işarəsi qoyduqları küçələrin çoxuna axşam 20:00-dan sonra getsələr, görəcəklər ki, orada yollar boşdur. Deməli, orada axşam saatlarında avtomobil saxlamaq olar. Bu günə kimi yanlış təcrübə tətbiq ediblər. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyində savadlı mütəxəssislər var, onlar bu yaranan problemləri həll edə bilərlər. Amma gecikmək olmaz”, – ekspert vurğulayıb.