Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.
Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub. Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub.
Tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.