AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azadlığa çıxan məhbusların ev və iş dərdi

  • + A
  • - A
  • 7-07-2017, 11:31

    Azadlığa çıxan məhbusların ev və iş dərdi

















    "5 ildir azadlıqdayam, amma azadlıqda olduğumu hiss etmirəm. Həyat sanki bir yarışdı, amma mən yarışa bilmirəm. Daha doğrusu yarışmaq yox, yaşamaq istəyirəm"

    Bu, uzun illər həbsxanada qalan və azadlığa çıxan məhbusun sözləridir.

    Məhbusluq həyatın bəlkə də ən ağır sınağıdır. Onların həbsxanadan çıxdıqdan sonra qarşılaşdığı problemlərin isə sayı, hesabı yoxdur: işsizlik, maddi sıxıntı, həbsxanadan kənardakı həyata uyğunlaşa bilməmək və s.

    Sovet dövrünə nəzər salsaq görərik ki, azadlığa çıxan məhbusları cəmiyyətdən təcrid etməmək, onlara ikinci bir şans vermək üçün zavod və fabriklərdə həmin şəxslərin qalmaları, çalışmaları üçün geniş imkanlar yaradılırdı. Bəs bu proses indi necə aparılır və bununla bağlı hansı lazımi tədbirlər görülməlidir?

    “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda da cəzasını başa vurmuş şəxslərin sosial adaptasiyasının təmin olunması məsələsinə xüsusi yer ayırılıb:

    • Cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək;
    • Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradır; və s.
    Qanunvericilikdə nəzərdə tutulmuş bu müddəaların praktikada tətbiqi hansı səviyyədədir? Belə insanlara, xüsusən də keçmiş qadın məhkumlara cəmiyyətdə olan münasibət onların sosial adaptasiyasını daha da mürəkkəbləşdirir.

    "Qaynarinfo"ya danışan hüquqşünas Qurban Məmmədov həbsdən çıxan məhbusların iş və həyat şəraiti ilə əlaqədar qanunvericilikdə kifayət qədər maddələrin olduğunu, lakin qeyd olunan tədbirlərin lazımi şəkildə yerinə yetirilmədiyini bildirib:

    "Bu barədə qanunvericilikdə müvafiq maddələr, həmçinin dövlət proqramı var. Həbsxanadan çıxan məhbus evi yoxdursa evlə, həmçinin işlə təmin edilməlidir. Onlar bu şəkildə həyata hazırlanmalı və tədricən də cəmiyyətə inteqrasiya edilməlidir. Lakin buna nəzarət çox aşağı səviyyədədir. Bir məmləkətin ki, cinayət törətməyən insanları, nümunəvi vətəndaşları işsizdirsə, o ölkənin məhbuslarının işlə təmin olunmasından danışmaq bir az gülünc görünür".

    Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da cəzaçəkmə müddətini başa vuran şəxslərin iş yerləri ilə təmin olunmasının zəif təşkil olunduğunu vurğulayıb:

    "Cəzaçəkmə müəssisəsində cəzasını başa vurmuş şəxslərin sosial reabilitasiyası ilə bağlı qanun var. O qanuna görə məhkumlara hökumət tərəfindən birdəfəlik yardım verilməlidir. Səhv etmirəmsə, 350-400 manat arası olmalıdır, ya da bir az çox ola bilər. Əgər məhkumun yaşamağa yeri yoxdursa, ona yataqxanada yer verilməlidir ki, bunun üçün yataqxana da tikilməyib. Yer ayrılıb, amma iş hələ ki, qalır. Bir də həmin şəxslərin işlə təmin edilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinə həvalə edilib. Burada da vəziyyət ürəkaçan deyil, çünki işlə təmin etmək üçün tələb olunan göstəricilər həddindən artıq çoxdur. Yəni, iş yeri tapılmaması ilə yanaşı, sahibkarlar da cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə iş vermək istəmirlər. Bu problem bütün cəmiyyətlərdə var, amma cəmiyyət də bu məsələlərdə anlayışlı davranmalıdır. Bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, məhkumlar cəzaçəkmə müəssisələrində peşə vərdişlərini itirirlər. Penitensiar Xidmət bununla bağlı müvafiq tədbirlər həyata keçirməyə çalışır, lakin hazırda əksər cəzaçəkmə müəssisələrində bu sahədə işlər zəif təşkil edilir".

    Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Uzun müddətdən sonra zənglərimizə cavab verən qurumun mətbuat xidmətinin rəhbəri Elman Babayev qeyd olunan məsələni daim diqqətdə saxladıqlarını, bununla bağlı müvafiq tədbirlər həyata keçirdiklərini və görülən işlərlə bağlı günün sonuna qədər bizə ətraflı hesabat təqdim edəcəyini bildirdi. Gözlədik, gözlədik, amma nə bir açıqlama gəldi, nə də Elman müəllimdən xəbər var. Ümid edirik ki, zənglərimizə cavab verməyən qurum rəsmisinin nə zamansa yadına düşərik və həyata keçirilən işlərlə bağlı qısa da olsa, bir açıqlama təqdim edər. (Qaynarinfo)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR