Turizm obyektlərinin özbaşınalığı: Nazirlik nəyi gözləyir?
Turizm bölgələrindəki istirahət mərkəzlərində rəqabət mühitinin yaradılmasına böyük ehtiyac var. Təəssüf ki, hazırda bölgələrdə olan istirahət mərkəzlərində, turizm obyektlərində göstərilən xidmət və təklif olunan qiymətlər arasında balans yox dərəcəsindədir. Əsas problem yaradan səbəblərdən biri də istirahət mərkəzlərinə xüsusi nəzarətin olmamasıdır.
Axar.az sözügedən problemlə bağlı araşdırma aparıb və məlum olub ki, bölgələrdəki turizm obyektlərində monitorinq aparılmır. Hətta Mədəniyyət və Turizm Nazirliyi yay fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bununla bağlı açıqlamanı mövsümün sonunda verəcəyini deyib.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov məsələ ilə bağlı bildirib ki, araşdırma aparılmamasına səbəb nazirliyin monitorinq keçirməməsidir:
“Mədəniyyət və Turizm Nazirliyi monitorinq keçirməlidir. Daha sonra monitorinq keçirilməsi ilə bağlı Assosiasiyaya sənəd təqdim edilməlidir. Lakin bizə heç bir sənəd təqdim edilməyib. Monitorinq keçirilən zaman Nazirlik Turizm Assosasiyasının nümayəndələrini və bu sahənin işçilərini məsələyə cəlb edir”.
M.Ağakərimov qeyd edib ki, bölgələrdəki turizm obyektlərində qiymətlərə nəzarət edən xüsusi orqan yoxdur:
“21 dekabr 2015-ci il tarixli fərmanla turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqdan sonra qiymətlərə nəzarət edilmir. Bu səbəbdən də qiymətləri turizm obyektinin özü müəyyən edir”.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə turizm obyektləri ilə bağlı onlara yalnız şifahi şikayətlərin daxil olduğunu bildirib:
“Ayrı-ayrı bölgələrdən zənglər daxil olur. Bu zənglər əsasən şikayət məqsədilə edilir. Daxil olan şikayətlər ətin bahalığı, işçi heyətinin qeyri-peşəkar fəaliyyəti, müştərilərə kassa qəbzinin təqdim olunmaması və s. ilə bağlı olur. Şikayətlər əsasən şifahi halda olur. Araşdırma aparmaq üçün əlimizdə yazılı fakt və şikayət olmadığından araşdırma aparmamışıq”.