AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Nəqliyyat Agentliyi 70 min insanı küçələrə tökdü: Kütləvi narazılıq

  • + A
  • - A
  • 28-09-2017, 08:47

    Bakı Nəqliyyat Agentliyi 70 min insanı küçələrə tökdü: Kütləvi narazılıq














    "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ölkəmiz adına hər nə qədər uğur hesab olunsa da, "Roma” ilə oyunöncəsi və sonrası baş verənlər qulaq ardına vurulmamalıdır.

    Bir daha bəlli oldu ki, Bakı Olimpiya Stadionu belə mötəbər yarışların keçirilməsi üçün əlverişli deyil. Məsələ burasındadır ki, oyunu izləmək üçün ölkənin ən nəhəng arenasına üz tutanlar ciddi çətinliklərlə üzləşdilər.

    Stadionun metro stansiyasından xeyli aralı yerləşməsi, havanın da yağmurlu olması fanatları çətin duruma saldı.

    Düzdür, "Baku Bus” əvvəlcədən azarkeşlərin rahat və pulsuz şəkildə stadiona çatdıracaqlarını elan etmişdi. Bu məsələ də mediada təqdirlə qarşılandı və yayımlandı. Ancaq şahidi olduğumuz mənzərə onu göstərdi ki, bu, "Baku Bus”un özünü reklam etməkdən başqa bir şey deyil. Reallıqla reklam arasında metro ilə BOS arasındakı məsafə qədər fərq var.

    Problem ondadır ki, metronun Qara Qarayev və Gənclik stansiyalarından azarkeşlərin stadiona aparılmasını öz üzərinə götürən şirkət, vədinə layiqincə əməl etmədi. Nəticədə minlərlə insan yağışın altında qaldı. Metroda da sıxlıq yarandığından insanlar stadiona qədər olan məsafəni piyada qət etməyə məcbur oldular.

    Bu hal oyundan sonra da davam etdi. "Qarabağ”ın adından istifadə edən "Baku Bus” rəhbərliyi qarşılaşmadan sonra yenə minlərlə insanı yağışın altında qoydu. Yarım saatdan çox avtobus tapmayan azarkeşlər metroya qədər uzun məsafəni piyada getmək məcburiyyətində qaldılar. Metrodakı sıxlıq isə insanların səbrini tükədirdi. Belə ki, azarkeşlər uzun metro dəhlizində xeyli müddət gözlədilər.

    Bütün bu problemlər bir daha göstərdi ki, təşkilatçılar (sadəcə, "Baku Bus” deyil, digərləri də) mötəbər yarışların keçirilməsinə hazır deyil.

    Nə vətəndaşlar düzgün yönləndirilirdi, nə biletlər doğru-düzgün yoxlanılırdı. Elə, on minə yaxın dəvətnamənin təsdiqlənməsinin sadəcə, Opera Balet Teatrının kiçik kassasına həvalə edilməsi göstərirdi ki, oyunun təşkilatçılığı hansı səviyyədədir. Təəssüf ki, oyuna baxmağa gələrkən və oyun sonrası yaşananlar dərin təəssüf hissi oyatdı.

    Onu da nəzərə alaq ki, 2019-cü ildə yenə Bakı Olimpiya Stadionu Avropa Liqasının finalına ev sahibliyi edəcək. Onda da eyni problemlər yaransa, bu, ölkəmizin nüfuzuna xələl gətirmiş olacaq.

    Təbii ki, BOS rəhbərliyi də yaxasını kənara çəkməli deyil. Çünki medianın işləməsi üçün çox zəif imkanlar yaradılmışdı. Yağış zamanı masaların üstünün su olması, normal işləmək üçün çətinlik yaradırdı. Sanki bu arenanın dam örtüyü yox səviyyəsindədir. Digər xırda problemləri də nəzərə almaq lazımdır ki, əcnəbilər gələndə biabır olmayaq.

    Sonda onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti və Birinci Vitse Prezidentin birbaşa rəhbərlik etmədiyi beynəlxalq tədbirlərdə analoji hal yaşanır. Bu isə bir daha bu işlərin həvalə edildiyi məmurların vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərini göstərməkdədir. /// Emin Səfərov, yenicag.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR