"Cavab verdilər ki, heç kim bir qəpik də ödəməyib..." - GİLEY
Azərbaycanda ali məktəblərdə təhsil alan əlil tələbələr o qədər də çox deyil. Fiziki məhdudiyyətli bu gənclər dərsə davamiyyəti və öyrənmək həvəsi ilə digər tələbələrdən heç də geri qalmırlar. Belə tələbələrdən biri də İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil alan Rəsul Məmmədlidir. 21 yaşlı bu gənc anadangəlmə serebrial iflic xəstəliyindən əziyyət çəkir. Ayaqları və sağ əli tamamilə işləmir. Valideynlərinin qucağında bir yerdən digər tərəfə hərəkət edən Rəsul atasının köməkliyi ilə instituta gedib-qayıdır. Ağrılı məqam odur ki, Rəsulun atası Kəmaləddin Məmmədli də III qrup əlildir. Ailənin yeganə pul qazananı odur. Kəmaləddin Məmmədli yükünün ağır olduğunu deyir. Rəsulun reabilitasiyasına, dərmanlarına güclə pul çatdıran ata artıq ikinci ildir ki, oğlunun təhsil haqqını ödəyə bilmir.
Dərdini Yenicag.az saytı ilə bölüşən ata əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan şikayətçidir. K. Məmmədlinin sözlərinə görə, nazir onları aldadıb. I qrup əlillərin təhsil haqqının nazirliyin büdcəsindən ayrılacağı ilə bağlı televiziyada çıxış edib, söz verən nazir sonradan vədinə əməl etməyib.
– Ötən ilin dekabr ayında deputat Qənirə xanım Paşayeva Milli Məclisdə I qrup əlil uşaqların təhsil haqları barədə məsələ qaldırdı. Və Səlim Müslümov da çıxıb, bu 10 milyonluq xalqın önündə dedi ki, ali məktəblərdə ödənişli əsaslarla əyani təhsil alan fiziki qüsurlu I qrup əlillər təhsil haqqından azad ediləcəklər və bütün xərcləri nazirlik özü ödəyəcək. Səlim Müslümovun həmin çıxışı məndə var, sizə də təqdim edəcəm.
Ertəsi gün Rəsulu dərsə aparanda bizi İslam Universitetində qapıçıdan tutmuş müəllimlərə kimi hamı təbrik etdi. Dedilər ki, gözünüz aydın, bəs nazir dünən Milli Məclisdə çıxış edib, söz verdi; demək, Rəsul tezliklə təhsil haqqından azad olunacaq. Sevincimiz yerə-göyə sığmırdı. Ən çox da ona şad idim ki, parlamentdə qaldırılan bu məsələ bizim tələbimizlə deyil, bir millət vəkilinin şəxsi təşəbbüsü ilə olub. Demək, əlil insanları da düşünənlər vardı. Nəsə… 2016-cı il sona çatdı. İki-üç ay keçdi, bizə universitetdən bildirdilər ki, bəs təhsil haqqını ödəmək lazımdır. Mən heyrətləndim. Dedim, axı Rəsulun pulunu nazirlik ödəməliydi. Cavab verdilər ki, heç kim bir qəpik də ödəməyib.
Mənə vaxt verdilər, dedilər Rəsul əlaçı tələbədir, onun təhsilinin yarımçıq qalmasını istəmirik.
Üz tutdum nazirliyə… Mənə dedilər ki, bizim heç nədən xəbərimiz yoxdur, heç nə bilmirik.
Bizim ailədə təkcə mən işləyirəm. Və maddi vəziyyətimiz elə də yaxşı olmadığı üçün artıq ikinci ildir ki, oğlumun təhsil haqqını ödəyə bilmirəm. Məbləğ də az deyil – 2 min manat. Oğlum da çox narahatdır. Təhsilinin yarımçıq qalmasından qorxur. Məsələ ilə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə müraciət etdim. Hər yerdən şablon cavablar gəldi: qanunda belə bir maddə yoxdur. Mən də qanunda belə bir maddənin olmadığını bilirəm. Bu məsələni Milli Məclisdə özləri qaldırdılar, özləri də xalqın qarşısında çıxış edib, söz verdilər. Sonra da əməl etmədilər. Bir əlil yeniyetmənin hissləri ilə oynamaq onlara nə verdi? Bu yalanı danışmaqla nazir hansı xalı toplamaq istədi? Özünü kimə göstərdi? İnanın, əsəbimdən içim yanır”.