Dövlət qurumları “büdcəni yeyir” - Yeyinti var, cəza yox
Hesablama Palatasının 2017-ci il üzrə açıqladığı hesabatında bir neçə qurumun fəaliyyətində nöqsanların olduğu göstərilib.
Belə ki, qurum Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquq pozuntuları aşkar edib. Sənəddə vurğulanıb ki, bundan başqa, ləğv prosesində olan "Zaminbank", "Kredobank", “Yunayted Kredit Bank", "Bank of Azerbaijan", "Gəncəbank", "Parabank", "Bank Technique", "Royalbank", "Dekabank", və "Atrabank" ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb.
Hələ bankların bağlanma prosesi yeni başlayan zaman ekspertlər Əmanətlərin Sığortalanması Fondunun qeyri-şəffaf fəaliyyət göstərdiyini deyirdi. Buna səbəb kimi isə Fondun bağlanan bankların əmlaklarının satışa çıxarılması, tender elanı, satışdan gələn gəlirlərin hansı istiqamətlərə xərclənməsi haqqında heç bir məlumat verməməsi göstərilirdi. Digər tərəfdən, bağlanan bankların hər birində ləğvedici kimi məhz ƏSF-nun çıxış etməsi qaranlıq məqamların olduğundan xəbər verirdi. Hesablama Palatasının aşkarladığı nöqsanlar da zamanında deyilən bu və bu kimi digər fikirləri bir növ təsdiq etdi.
Qeyd edək ki, Hesablama Palatası qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir. Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib.
Hesablama Palatasının Bakı Dövlət Universitetində də (BDU) nöqsanlar aşkarlayıb. Hesabatda BDU-da əmək haqqının ödənilməsi üzrə 38 689,7 min manat, tədbirlərin keçirilməsi üzrə 2850 min manat, təhsil və təqaüdlərlə bağlı xərclər üzrə 594139,8 min manat, vergi, rüsum və s. ödəmələr üzrə 2412,3 min manat və digər məsələlər üzrə 5291,2 min manat vəsait dövlət büdcəsinə bərpa edildiyi göstərilib.
Palatanın nöqsanlar aşkarladığı digər iki qurum haqqında da Baş Prokurorluğa müraciət olunub.
Hesablama Palatasının 2017-ci il üzrə hesabatında qeyd olunur ki, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində aparılmış auditin nəticəsi olaraq Elmi Mərkəz tərəfindən 16 iyun 2017-ci il tarixdə 27000 manat məbləğində təsərrüfat mallarının, 29 iyun 2017-ci il tarixdə isə 29011,5 manat məbləğində inventarların alınması məqsədilə keçirilmiş kotirovka sorğularının nəticələri üzrə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə görə, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən iqtisadi təsnifatın yanacaq və sürtgü materiallarının alınması paraqrafından 2017-ci ilin iyul ayında avtonəqliyyat vasitələrinə 7000 manat məbləğində mühərrik yağlarının alınmasına büdcə vəsaitinin xərclənməsinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
Demək olar ki, Palatanın bu günə qədər apardığı yoxlamalar zamanı müxtəlif təyinatlı dövlət qurumlarında nöqsanlar, yeyinti faktları aşkar olunub. Təkcə ötən il Mədəniyyət və Turizm Nazirliyində (Hazırda bu qurum bölünüb və turizm sahəsi nazirliyin balansından çıxarılıb - müəl.) 300 milyon, 14 icra hakimiyyətində müxtəlif məbləğlərdə dövlət büdcəsinə ziyan vurulduğu aşkarlanmışdı. Ancaq bu günə qədər məhz Hesablama Palatasının yoxlamaların nəticəsi olaraq yeyinti faktı aşkarlanan hansısa qurum rəhbəri cəzalandırılmayıb. Bu da Palatanın hesabatlarını bir növ lüzumsuz edir. Baxmayaraq ki, Hesablama Palatasının apardığı yoxlamaların nəticəsi birbaşa olaraq cəza mexanizminin tətbiq olunmasına birbaşa imkan yaradır.
Dünya ölkələrində Hesablama Palatası kimi qurumların rolu büdcə xərcləmələrini yoxlayıb, nəticələri təkcə parlamentə yox, həm də hətta cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına verilməsindən ibarətdir. Dünya praktikasında hüquq-mühafizə orqanları Hesablama Palatasının apardığı yoxlamaların nəticəsinə görə araşdırmalara başlayır. Azərbaycanda isə uzun illərdir ki, belə təcrübə yoxdur. Palatanın apardığı hər hansı bir yoxlama nəticəsində nöqsan aşkarlanan qurumun rəhbərlərinin məsuliyyətə cəlb edilməsinə dair nümunə ortada yoxdur.
Ekspertlər hesab edir ki, bu cür hallar Hesablama Palatasının gördüyü işin effektivliyini aşağı salır. Palatanın apardığı işi stimullaşdırmaq üçün müəyyən təkliflər də səslənir. Təklif olunur ki, ya qanunvericiliyə dəyişiklik edib, Palatanın apardığı bütün yoxlamaları qeyd-şərtsiz hüquq-mühafizə orqanları üçün tədqiqat olduğu bəndi əlavə edilsin, ya da Palata öz daxili əsasnaməsinə dəyişiklik edərək apardığı yoxlamaların bir nüsxəsini də hüquq-mühafizə orqanlarına göndərməli və tələb etməlidir ki, bu faktlarla bağlı ciddi araşdırmalar aparılsın.
Ekspertlər belə bir mexanizmin, həm də büdcə xərclərində şəffaflığın artırılmasında önəmli rol oynaya bilər. Bütün hallarda Hesablama Palatasının aşkarladığı nöqsanlar, yeyinti faktları ilə bağlı mütləq qaydada cəza mexanizmi də olmalıdır. Əks halda, bu yoxlamaların hansısa məntiqi nəticəsinin olacağı gözlənilmir.
Cebhe.info