Son zamanlar uşaqlar arasında yayılan qan xəstəliyi necə başlayır – Açıqlama
Qan xərçəngi qanın bədxassəli şişləri olub, Leykemiyalar və Limfomalar qrupuna bölünür.
Medicina.az xəbər verir ki, Leykemia – sümük iliyində kötük hüceyrələrin (blast) müxtəlif faktorların təsiri altında inkişafının müəyyən mərhələsində dayanması və nəzarətsiz çoxalmasıdır.
Leykemiyalar kəskin (yəni birdən başlayıb, çox sürətlə irəliləyən) və xroniki (yavaş irəliləyən) olmaqla 2 qrupa bölünür. Kəskin Leykemiyalar da özləri də əmələ gəldiyi hüceyrədən asılı olaraq Kəskin Limfoblast Leykemiyalar (ALL) və Kəskin Mieloblastik Leykemilar (AML) olmaqla 2növə ayrılır.
Həmçinin xroniki Leykemiyalar da 2 yerə bölünür.
1.Xroniki Limfoblastik Leykemiyalar ( XLL)
2.Xroniki Mieloblastik Leykemiyalar ( XML)
Medicina.az-ın suallarını cavablandıran hematoloq Ələmdar Cəfərov leykemiyaların yaranma səbəblərindən danışıb: “Radiasiya, benzin və formaldehit kimi sənaye məhsulları, kimya terapiyada istifadə olunan maddələrin qəbulu, genetik faktorlar və bəzi genetik xəstəliklər (məsələn – Down sindromu), virus xəstəlikləri əsas faktorlar ola bilər”.
Həkimin sözlərinə görə, planşet və mobil telefonlardan uzun müddət dayanmadan istifadə olunması, ekoloji olaraq çirklənmiş mühit, qida maddələrindəki kimyəvi qatqılar da xəstəliyi tətikləyə bilər.
Son zamanlar alimlərin apardığı araşdırmalara görə, bəzi vitaminlərin çatışmazlığı risk amili daşıyır. Vitaminlərin xəstəliyin müalicəsində də böyük əhəmiyyəti var (məsələn – Kəskin Promielositar leykozda vitamin A – ALL- trans retinoy acid ( ATRA PREPARATI)).
Hematoloq xəstəliyin ilkin əlamətləri barədə də geniş məlumat verib.
“Tez yorulma, halsızlıq, sümük ağrıları, uzunmüddətli qızdırma, infeksiyalar, dəridə yaranan kiçik səpkilər (petexiyalar), qoltuqaltında limfa düyünlərin, dalağın böyüməsi, xəstəliyin ilkin əlamətləri hesab edilir”, – deyə Cəfərov bildirib.
Xəstəliyin müalicəsində erkən diaqnozun əhəmiyyətini vurğulayan həkim gərək duyulan analizlərdən bəhs edib: “Qanın ümumi analizi, sümük iliyinin aspirasiyası və biopsiyası, Siyogenetik və immunofentipləməyə (Flow sitometry) dəqiq müayinə zamanı vacibdir”.
Ümumiyyətlə profilaktik olaraq hər kəsin periferik qan analizi verməli olduğunu bildirən həkim, qanda blast hüceyrəsi aşakarlanarsa və ya pansitopeniya, yəni eritrosit, leykosit, trombosit sayında azalma olarsa, sümük iliyi aspirasiyası götürüldüyünü deyib.
Diaqnoz sümük iliyi aspirasiyası ilə tam təsdiq olunduğunu qeyd edən Cəfərov, diaqnozu təsdiq olunmuş xəstələrin müalicə dövründə və sonrasında 1-ci sümük iliyinə baxıldığını vurğulayıb.
Qeyd edək ki, leykemiyalarin diaqnozundakı çətin mərhələ qandaki şiş hüceyrəsinin (blastin) tipini müəyyənləşdirməkdir. Bunun üçün xəstəyə immunofenotipləməvə bəzi sitogenetik testlər olunur. Bununla da xəstəliyin tipi (yəni AML, YOXSA ALL) müəyyən olunur. Çünki bunlar müalicə əsnasında nəzərə alınır.
Xəstəliyin müalicəsi isə bir neçə istiqamətdə aparılır. Bəzən həkimlər ilkin mərhələdə belə ilik sümüyünün köçürülməsini tövsiyə etsələr də hematoloq Cəfərov ilik köçürülmədən də müalicənin effektli ola biləcəyini deyir.
“Xəstəliyin müalicə istiqaməti uzunmüddətli kimya terapiya, ancaq şiş hüceyrələrinə yönəlik yeni müalicələr və ən nəhayət sümük iliyi transplantasiyasıdır.
Qeyd edim sümük iliyi transplantasiyası müəyyən göstərişlərə əsasən olunur. Çünki olunacaq bu əməliyyat da xəstə üçün böyük riskdir. Hər xəstəyə trasnplantasiya məsləhət görülmür. Bu, erkən təkrarlanma baş verən və yüksək risk qrupunda olan xəstələrə tətbiq olunur. Əgər xəstənin kimya terapiyası gedirsə və xəstədə tam remissiya alnırsa, transplatsiya getməyə də bilər”, – deyə Cəfərov bildirib.
Bundan əlavə, qan xərçəngindən əziyyət çəkən xəstələrin yuxu rejiminin normal olmasına riayət edilməlidir.
Qidalanma zamanı heyvani məhsulların bir az məhdudlaşdırılması məsləhət görülür. Xəstələrin yeməkləri tam bişmiş olmalıdır. Qızardılmış, hisə verilmiş qidalardan uzaq durulmalıdır. Bitki tərkibli qidalara üstünlük vermələri məsləhət görülür. Qida rasionunda cücərmiş buğda, qəhvəyi düyü, avokado, sarımısaq, qırmızı bibər, çərəzlərin olması faydalıdır.
Hematoloqun sözlərinə görə, xəstələrin yüksək dozalı kimya terapiya olmalarına baxmayaraq xəstələrdə residiv vermə riski var. Ümumiyyətlə yüksək risk qrupunda olan xəstələrdə təkrarlanma ehtimalı var. Bəzən isə xəstədə hər hansı əlamət olmamasına baxmayaraq, xəstələrdə çox az miqdarda sümük iliyində patoloji şiş hüceyrələrinə də rast gəlmək olur(məsələn – Minimal Residual disease).