Kamaləddin Qafarov: Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir

Kamaləddin Qafarov: Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir
Dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, ilk növbədə suverenliyini təmin etmək bacarığı ilə ölçülür.
Bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.
Deputat bildirib ki, suverenlik xalqın öz taleyini müstəqil müəyyənləşdirməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində həyata keçirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməsidir.
Onun sözlərinə görə, 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi siyasi və hüquqi əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Gününün Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edildiyini xatırladan Qafarov bu tarixin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının rəmzi olduğunu qeyd edib.
K.Qafarov vurğulayıb ki, 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanılıb, yaşayış məntəqələri və tarixi-mədəni irs dağıdılıb.
Deputatın sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ olub. O qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərpa olunub.
K.Qafarov bildirib ki, bu gün Azərbaycan tam suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Dövlət Suverenliyi Günü təkcə tarixi hadisənin xatirəsi deyil, milli birliyin, güclü dövlətçiliyin və gələcək inkişaf strategiyasının rəmzidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.