“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Psixoloji Dayanıqlılıq, Özünə Qayğı və Peşəkar Tükənmənin Qarşısının Alınması” mövzusunda 3 günlük beynəlxalq təlim proqramı uğurla yekunlaşdı.
Təlim proqramı sosial işçilərin, psixoloqların, probasiya əməkdaşlarının və insanlarla birbaşa işləyən mütəxəssislərin peşəkar bacarıqlarının gücləndirilməsi, psixoloji dayanıqlılığın artırılması, stressin idarə olunması və emosional rifahın qorunmasına dəstək məqsədi daşıyırdı.
Təlimlər Senior Expert Service - SES təşkilatı tərəfindən dəvət edilmiş beynəlxalq ekspert Barbara Ruthardt-Horneber tərəfindən aparılmış, iştirakçılar peşəkar fəaliyyət zamanı qarşılaşdıqları emosional və psixoloji çətinliklərlə effektiv mübarizə üsulları, özünəqayğı mexanizmləri, tükənmənin qarşısının alınması strategiyaları və bədənə yönəlmiş praktiki yanaşmalar barədə geniş bilik və bacarıqlar əldə etmişlər.
Sessiyalar interaktiv müzakirələr, qrup işləri, praktiki tapşırıqlar və təcrübə mübadiləsi formatında keçirilmiş, iştirakçılar əldə etdikləri yeni alət və metodların gündəlik fəaliyyətlərində tətbiqi imkanlarını müzakirə etmişlər.
Təlim proqramının 18 İyun – İnsan Hüquqları Günü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Təlim çərçivəsində əldə olunan bilik və bacarıqların xüsusilə uşaqların və qadınların hüquqlarının müdafiəsi, onlara qarşı zorakılığın qarşısının alınması, həssas qruplarla işləyən mütəxəssislərin peşəkar potensialının artırılması istiqamətində mühüm töhfə verəcəyi vurğulanmışdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş, proqramın həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Nazirliyin Probasiya Xidmətinə təşəkkür ifadə olunmuşdur.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi gələcəkdə də dövlət qurumları və tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində insan hüquqlarının müdafiəsi, psixoloji rifahın təşviqi və zorakılığın qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.