Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qvineya tərəfinin dəvəti əsasında Konakri şəhərində səfərdə olub.
Səfər cari ilin mart ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in implementasiyası çərşivəsində həyata keçirilib.
Məqsəd Qvineyada “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin yaradılması istiqamətində institusional və hüquqi imkanların müəyyən edilməsi, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin ilkin qiymətləndirilməsi olub.
Nümayəndə heyəti Qvineya Respublikasının Baş naziri tərəfindən qəbul edilib. Qvineyanın Baş nazirinə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” haqqında geniş təqdimat edilib və müvafiq modelin Qvineyada tətbiqi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib.
Baş nazir “ASAN xidmət” modelini yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi davamlı inkişafı məmnunluqla qeyd edib. O, “ASAN xidmət” təcrübəsinin Qvineyada dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi olacağını bildirib.
Nümayəndə heyəti səfər çərçivəsində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri ilə görüşüb. Görüş zamanı “ASAN xidmət”in orada tətbiqi istiqamətində planlaşdırılan fəaliyyətlər barədə geniş müzakirələr aparılıb və yol xəritəsi müəyyən edilib.
Həmçinin səfər zamanı Qvineyada “ASAN xidmət” modeli əsasında təsis olunacaq dövlət xidmətləri mərkəzlərində təmsil olunması nəzərdə tutulan dövlət qurumlarının nümayəndələri ilə də görüşlər keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.