Bizim uşaqların oxuyacağı hekayələrimiz, əzbərləyəcəyi şeirlərimiz yoxdurmu?

Səhər Əhmədin Azərbaycan dili dərslikləri ilə bağlı səsləndirdiyi fikirlər, əslində, çox ciddi və düşündürücü bir məsələyə toxunur. Söhbət təkcə dərsliklərə hansı hekayələrin, şeirlərin salınmasından getmir. Söhbət uşaqlarımıza öz ədəbiyyatımızı, öz sözümüzü, öz mənəvi dünyamızı nə dərəcədə tanıda bilməyimizdən gedir.
Bir düşünün: Bu gün ərəb xilafəti də yoxdur, Çar Rusiyası da, Sovet İttifaqı da. Zaman dəyişib, dövlətlər dəyişib, ictimai münasibətlər dəyişib. Amma nədənsə bəzi dərsliklərimizdə uşaqlarımızın tanış olduğu ədəbi nümunələrin seçimi hələ də mübahisə doğurur. Azərbaycan dilini öyrənən şagird niyə başqa xalqların həyat tərzini, məişətini, dünyagörüşünü əks etdirən hekayələrlə daha çox qarşılaşmalıdır? Məgər bizim öz ədəbiyyatımızda uşağın təxəyyülünü oyadan, ona yaxşılığı, mərhəməti, dürüstlüyü, vətən sevgisini, dostluğu öyrədən əsərlərimiz azdır?
Məgər biz elə yoxsul ədəbi irsə sahibik ki, uşaqlarımıza oxumaq üçün mütləq başqa xalqların hekayələrinə üz tutmalıyıq?
Əlbəttə, dünya ədəbiyyatını öyrənmək vacibdir. Uşaq başqa xalqların mədəniyyətini, adət-ənənəsini, düşüncə tərzini də tanımalıdır. Bu, onun dünyagörüşünü genişləndirir, müqayisə etmək, fərqli düşüncələrə hörmətlə yanaşmaq bacarığını formalaşdırır. Ancaq dünya ədəbiyyatını tanıtmaq başqa, öz ədəbiyyatımızı arxa plana keçirmək tamam başqadır. Bir xalqın uşağı əvvəlcə öz sözünün, öz mədəniyyətinin, öz ədəbi yaddaşının zənginliyini hiss etməlidir. Başqasını tanımaq üçün özünü unutmaq lazım deyil.
Gəlin bir qədər keçmişə qayıdaq. Bu gün 70-80 yaşını keçmiş insanlarımızın bir çoxu məktəb illərində əzbərlədikləri şeirləri hələ də yaddaşlarında yaşadırlar. Kimsə «Ala, bula, boz keçi»ni, kimsə «Uşaq və buz»u, kimsə «Sərçə»ni, «Ay pipiyi qan xoruz»u, «Dovşan, dovşan, a dovşan»ı xatırlayır. Bu şeirlər illərdir yaddaşlardan silinmir. Niyə? Çünki onların dili sadə, ahəngi oynaq, obrazları canlı, məzmunu uşağın dünyasına yaxındır. Uşaq həmin şeirləri sadəcə oxumurdu, onları yaşayırdı. Misralar dilinə, obrazlar təxəyyülünə, ritm isə yaddaşına hopurdu.
Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin və başqa görkəmli sənətkarlarımızın uşaq ədəbiyyatına bəxş etdikləri nümunələr bu gün də öz dəyərini qoruyur. Onların əsərləri zamanın sınağından keçib. Bu şeirləri oxuyan uşaq həm dilimizin gözəlliyini duyur, həm də həyat haqqında müəyyən təsəvvürlər qazanır.
Burada çox mühüm bir sual yaranır: Əgər dünənki şairlərimiz uşaqlar üçün belə yaddaqalan əsərlər yarada biliblərsə, bəs bu gün niyə həmin səviyyədə, həmin təsir gücündə yeni əsərlərin dərsliklərdə daha çox görünməsini arzulayırıq?
Məgər müasir Azərbaycan uşaq yazarları yoxdur? Var. Şeir yazanlarımız, hekayə müəlliflərimiz, nağılçılarımız, uşaqların dünyasını öz dünyası kimi duyan qələm sahiblərimiz var. Onların arasında istedadlı, maraqlı süjetlər yaradan, müasir uşağın dilini və düşüncəsini anlayan müəlliflər də az deyil. Bəs onların əsərləri nə dərəcədə diqqətlə araşdırılır? Dərslik müəllifləri, redaktorlar, müvafiq qurumlar bu ədəbi sərvəti nə qədər yaxından izləyirlər? Uşaq ədəbiyyatının yeni nümunələri nə üçün sistemli şəkildə toplanmır, qiymətləndirilmir, məktəb mühitinə gətirilmir?
Əslində, məsələ yalnız müəlliflərin olub-olmamasında deyil. Məsələ həm də onların əsərlərinin görünməsində, seçilməsində, dəyərləndirilməsindədir.
Dərslik sadəcə mətnlər toplusu deyil. O, uşağın dünyaya açılan ilk pəncərələrindən biridir. Şagird dərslikdə oxuduğu hekayənin qəhrəmanı ilə dostlaşır, onun sevincinə sevinir, səhvindən nəticə çıxarır, bəzən özünü həmin qəhrəmanın yerində təsəvvür edir. Deməli, dərsliyə salınan hər bir mətn uşağın zövqünə, düşüncəsinə, dilinə və dünyagörüşünə təsir göstərir.
Ona görə də dərsliklərdəki əsərlərin seçimi təsadüfi və formal yanaşma ilə müəyyənləşdirilməməlidir. Mətn yalnız hansısa qrammatik qaydanı izah etmək, söz ehtiyatını artırmaq və ya suallara cavab hazırlamaq üçün vasitəyə çevrilməməlidir. O, eyni zamanda uşağın qəlbinə toxunmalı, onu düşündürməli, güldürməli, təəccübləndirməli, oxumağa həvəsləndirməlidir.
Uşaq ədəbiyyatının ən böyük uğuru odur ki, uşaq əsəri oxuyarkən onun qarşısında dərs keçildiyini hiss etməsin. O, maraqlı bir əhvalatın ardınca getsin, qəhrəmanın taleyi ilə maraqlansın, hadisələrin necə nəticələnəcəyini səbirsizliklə gözləsin. Əsər bitəndən sonra isə özü-özünə hansısa nəticəyə gəlsin. İbrətamiz əsər o demək deyil ki, müəllif hər cümlədə uşağa nəsihət versin. Əsl ibrətamiz əsər uşağı düşündürərək nəticə çıxarmağa sövq edir.
Bizim folklorumuzda nə qədər zəngin süjetlər var! Nağıllarımız, lətifələrimiz, bayatılarımız, tapmacalarımız, xalq oyunlarımız, rəvayətlərimiz, dastanlarımız... Bunların hər birində dilimizin özünəməxsusluğu, xalqımızın dünyagörüşü, müdrikliyi, yumor hissi yaşayır. Kosa ilə Keçəlin sərgüzəştləri, Cırtdanın hazırcavablığı, xalq nağıllarımızdakı ədalət və xeyirxahlıq motivləri bugünkü uşaqlar üçün də maraqlı ola bilər. Yetər ki, bu materiallara yaradıcı yanaşılsın, onlar müasir uşağın yaşına və qavrayışına uyğun şəkildə təqdim edilsin.
Bununla yanaşı, klassik irsi təkrar-təkrar çap etməklə kifayətlənmək də doğru olmaz. Uşaq ədəbiyyatı canlı ədəbi prosesdir. Bu günün uşağı dünənin uşağından fərqli dünyada yaşayır. Onun maraqları, sualları, qarşılaşdığı problemlər başqadır. Müasir Azərbaycan uşağı üçün texnologiya, ekologiya, dostluq, ailə münasibətləri, heyvanlara qayğı, sosial məsuliyyət, vətənə bağlılıq kimi mövzularda yeni, maraqlı və yüksək bədii keyfiyyətli əsərlər yaradılmalıdır.
Ən vacibi isə seçim meyarı olmalıdır: əsərin müəllifinin kimliyi deyil, bədii dəyəri; hansı dövrdə yazılması deyil, uşağa nə verə bilməsi; hansı ölkədə yaranması deyil, onun dil, fikir və tərbiyə baxımından keyfiyyəti əsas götürülməlidir.
Bir məsələ də var. Bəzən xarici müəlliflərin əsərləri tərcümə edilir, müəyyən dəyişikliklərlə təqdim olunur və nəticədə mətnin ilkin müəllifliyi, mənşəyi ilə bağlı suallar yaranır. Bu məsələdə müəllif hüquqlarına, mənbəyə və tərcümə etikası prinsiplərinə ciddi əməl olunmalıdır. Tərcümə tərcümə kimi, uyğunlaşdırma uyğunlaşdırma kimi, orijinal əsər isə orijinal əsər kimi təqdim edilməlidir. Başqasının yaradıcılığına öz imzamızı qoymaq nə milli ədəbiyyatımıza xidmət edir, nə də uşaqlara dürüstlük nümunəsi ola bilər.
Biz uşaqlarımıza dürüstlüyü öyrətmək istəyiriksə, ilk növbədə özümüz dürüst olmalıyıq.
Bir xalqın milli kimliyi yalnız tarix dərslərində, coğrafiya xəritələrində, bayram tədbirlərində formalaşmır. O, uşağın oxuduğu şeirdə, dinlədiyi nağılda, yadda saxladığı misrada, sevdiyi ədəbi qəhrəmanda da yaşayır. Uşaq öz dilinin gözəlliyini nə qədər erkən hiss etsə, həmin dilə sevgisi də bir o qədər möhkəm olar.
Təsəvvür edin, illər sonra bugünkü məktəblilər də 70-80 yaşlarına çatanda hansı şeirləri nəvələrinə əzbər söyləyəcəklər? Hansı hekayələri xatırlayacaqlar? Hansı qəhrəmanların adını sevgi ilə çəkəcəklər? Yoxsa bu gün oxuduqları mətnlər onların yaddaşında yalnız bir vaxtlar dərslikdə qarşılarına çıxmış, imtahandan sonra unudulmuş parçalar kimi qalacaq?
Bizim istəyimiz keçmişə qayıtmaq, yalnız köhnə şeirlərlə yaşamaq deyil. İstəyimiz odur ki, dünənin «Uşaq və buz»u, «Ay pipiyi qan xoruz»u kimi bu günün də yaddaşlarda qalacaq əsərləri yaransın. İstəyimiz odur ki, sabahın uşaqları da öz dövrünün şairlərini, yazıçılarını tanısın, onların əsərlərini sevə-sevə oxusun, əzbərləsin, illər keçəndən sonra belə unutmasın.
Bunun üçün uşaq yazarlarına diqqət artırılmalı, onların əsərləri sistemli şəkildə araşdırılmalı, məktəblərdə müasir uşaq ədəbiyyatı ilə bağlı mütaliə mühiti yaradılmalı, dərsliklərin hazırlanmasında müəllimlərin, ədəbiyyatşünasların, uşaq psixoloqlarının və təcrübəli uşaq yazarlarının rəyi nəzərə alınmalıdır. Dərsliklər vaxtaşırı yenilənməli, amma bu yenilənmə sadəcə mətnlərin dəyişdirilməsi deyil, məzmun və keyfiyyət baxımından ciddi ədəbi seçim olmalıdır.
Axı ana dilini öyrətmək yalnız sözlərin mənasını, cümlənin quruluşunu, qrammatik qaydaları mənimsətmək deyil. Ana dilini öyrətmək həm də o dilin ruhunu, ahəngini, yumorunu, obrazlı ifadə imkanlarını uşağa sevdirməkdir.
Və sonda bir daha soruşaq: Bizim uşaqlarımızın oxuyacağı hekayələrimiz, əzbərləyəcəyi şeirlərimiz, sevəcəyi qəhrəmanlarımız doğrudanmı yoxdur? Yoxsa biz onları axtarmağa, tapmağa, dəyərləndirməyə kifayət qədər vaxt və diqqət ayırmırıq?
Məncə, problem ədəbi sərvətimizin yoxluğunda deyil, ona münasibətimizdədir.
Bir xalqın öz uşağına verə biləcəyi ən böyük mənəvi hədiyyələrdən biri öz dilində yazılmış, öz ruhundan süzülmüş, amma bütün bəşəriyyətə xitab edən gözəl bir əsərdir.
Gəlin uşaqlarımıza yalnız Azərbaycan dilində mətnlər oxutmayaq, onlara Azərbaycan dilini sevdirən əsərlər də verək. Çünki dil təkcə öyrənilmir, sevilir. Sevilən dil isə yaddaşlarda yaşayır.
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.