Bu gün, 16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür.
Bu gün insanları fərqliliklərə hörmət etməyə, dini, milli, irqi və mədəni müxtəlifliyi qəbul etməyə, qarşılıqlı anlaşma və dözümlülük prinsiplərinə sadiq qalmağa çağırır.
Tolerantlıq sadəcə başqasının fərqli düşüncəsinə dözmək deyil. Tolerantlıq insanı olduğu kimi qəbul etmək, onun inancına, milli kimliyinə, dilinə, mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmaqdır. Bu, cəmiyyətin mənəvi yetkinliyini göstərən ən mühüm dəyərlərdən biridir.
Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Əsrlər boyu müxtəlif etnik və dini mənsubiyyətə malik insanlar bu torpaqda bir ailə kimi yaşayıb, ölkəmizin ictimai, iqtisadi və mədəni həyatına öz töhfələrini veriblər. Bu gün də Azərbaycanda məscid, kilsə və sinaqoqların mövcudluğu, müxtəlif dini icmaların fəaliyyət göstərməsi multikultural həyatımızın mənzərəsini əks etdirir.
Ölkəmizin tolerantlıq ənənələri xalqımızın milli-mənəvi dəyərlərindən, qonaqpərvərliyindən, humanizmindən və insan amilinə verdiyi qiymətdən qaynaqlanır. Azərbaycan cəmiyyətində müxtəlifliyə hörmət, fərqli mədəniyyətlərə maraq və birgəyaşayış mədəniyyəti tarixən formalaşmış dəyərlərdir.
Unutmamalıyıq ki, tolerantlıq yalnız müəyyən bir günün mövzusu deyil. O, gündəlik həyatımızda, insanlarla münasibətlərimizdə, ailədə, məktəbdə, işdə və cəmiyyətin bütün sahələrində yaşadılmalı olan mənəvi prinsipdir.
Müasir dünyada münaqişələrin, dini və milli ayrı-seçkiliyin, dözümsüzlüyün artdığı bir zamanda tolerantlıq daha böyük əhəmiyyət kəsb edir. İnsanları bir-birindən ayıran fərqliliklər deyil, onları birləşdirən ortaq dəyərlər ön plana çıxmalıdır. Çünki sülhün, təhlükəsizliyin və davamlı inkişafın təməlində qarşılıqlı hörmət dayanır.
Azərbaycanın tolerantlıq ənənələri yalnız özümüz üçün deyil, bütün dünya üçün dəyərli bir nümunə kimi təqdim oluna bilər. Bu dəyərləri qorumaq, gələcək nəsillərə ötürmək və daha da inkişaf etdirmək hər birimizin mənəvi borcudur.
Gəlin, fərqliliklərimizi ayrılıq deyil, zənginlik hesab edək! Bir-birimizə hörmətlə yanaşaq, sevgini, mərhəməti və həmrəyliyi həyatımızın əsas prinsipinə çevirək. Çünki tolerant cəmiyyət güclü cəmiyyətdir, qarşılıqlı hörmət olan yerdə isə sülh və əmin-amanlıq üçün möhkəm zəmin vardır.
16 noyabr – Beynəlxalq Tolerantlıq Günü mübarək!
Hörmətlə,
Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist