Sertifikatlaşdırmada işdən çıxarılan müəllimlərin əksəriyyəti ibtidai sinif müəllimləridir

Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu məlumatın açıqlanmasında məqsəd müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşəkarlığını şübhə altına almaq deyil.
Emin Əmrullayev bildirib ki, ibtidai siniflərdə dərs deyən müəllimlərin əhəmiyyətli hissəsi orta ixtisas təhsillidir. Onun sözlərinə görə, bu vəziyyət uzun illər ölkədə müəllim çatışmazlığının mövcud olması ilə bağlıdır.
Nazir hazırda həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində ali təhsilli müəllimlərin fəaliyyət göstərməsinə keçidin təmin edildiyini vurğulayıb. O, bu dəyişikliklərin gələcəkdə təhsilin keyfiyyətinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.