Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı əsasında yaradılan "Bilim Bakı" mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb.
“Deneyap" proqamı gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli təhsil modelidir.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahədə inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir. İlk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla
2 fərqli hissədən ibarətdir.
24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər uyğun sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Proqrama 4, 5, 6 və 7-ci sinif şagirdləri qoşula bilərlər. İmtahanının hər iki mərhələsindən keçərək ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.
Şagirdlər ilkin mərhələdə yazılı imtahanda iştirak edəcəklər. Yazılı imtahanda riyaziyyat, alqoritm, biologiya, fizika, kimya, ümumi dünyagörüşü istiqamətində suallar olacaq.
Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 26 iyun 2022-ci il tarixinədək “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki:
deneyap.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.