Avropa Qəzza planını dəstəkləyir
Avropa ölkələri ərəb liqasının Qəzza zolağının bərpası və yenidən qurulması ilə bağlı irəli sürdüyü planı dəstəkləyib.
Bu barədə İtaliya, Fransa, Almaniya və B.Britaniyanın XİN-ə istinadən məlumat yayılıb.
Dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir ki, plan Qəzzanın yenidən qurulması üçün real yol müəyyən edir və həyata keçiriləcəyi təqdirdə burada yaşayan fələstinlilərin çətin həyat şəraitinin sürətli və davamlı şəkildə yaxşılaşacağını vəd edir.
İrəli sürülən digər planlardan fərqli olaraq ərəb dövlətlərinin irəli sürdüyü təkliflərin daha real və praqmatik olduğu qeyd olunub.
Qeyd olunub ki, bərpa və yenidənqurma səyləri həm israillilər, həm də fələstinlilər üçün məqbul olan, uzunmüddətli sülh və təhlükəsizliyi təmin edən möhkəm siyasi və təhlükəsizlik çərçivəsinə əsaslanmalıdır.
Adı çəkilən ölkələr daha əvvəl ABŞ prezidenti Donald Trampın Qəzzanın müharibədən sonrakı gələcəyi ilə bağlı plana qarşı çıxmışdılar.
Tramp müharibədən sonrakı 2 il ərzində ABŞ-nin Qəzzaya nəzarət edəcəyi və yenidənqurma işlərinin aparılmasını öz öhdəsinə götürəcəyi, qəzzalıların isə daimi olaraq xarici ölkələrdə məskunlaşacağı ilə bağlı plan irəli sürmüşdü.
Ağ ev lideri qəzzalıların dağıntılar və partlamamış mərmilərlə örtülmüş bir ərazidə yaşamasının mümkün görünmədiyini deyib.
İtaliya, Fransa, Almaniya və B.Britaniya XİN qəzza əhalisinin anklavı bərpa prosesində tərk etmələrinin qəbuledilməz olduğunu bildiriblər. Lakin eyni zamanda, HƏMAS qruplaşmasının da anklava nəzarət etməməli olduğunu irəli sürüblər.
“HƏMAS artıq Qəzzanı idarə etməməli və İsrail üçün təhlükə olmamalıdır. Biz açıq şəkildə Fələstin Muxtariyyətinin mərkəzi rolunu və onun islahat gündəliyinin həyata keçirilməsini dəstəkləyirik. Bütün tərəflərin ciddi səylərini təqdir edirik və ərəb dövlətlərinin bu bərpa və yenidənqurma planını birgə hazırlamaqla göndərdikləri mühüm siqnalı yüksək qiymətləndiririk. Təhlükəsizlik və idarəetmə də daxil olmaqla bu məsələlərin birgə həlli üçün ərəb, Fələstin və İsrail təşəbbüsünü dəstəkləmək üçün işləməyə sadiqik. Bütün tərəfləri başlanğıc nöqtəsi kimi planın mahiyyəti üzərində işləməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.
Dörd Avropa ölkəsi Qəzza ilə bağlı Ərəb təşəbbüsü ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, ərəb dövlətləri Qazzanın yenidən qurulması üçün 53 milyard dollar vəsait ayırmağı planlayır.
Plan 5 il ərzində anklavda bərpa və yenidənqurma işlərinin aparılmasını əhatə edir.