AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada rekord istilər müşahidə olunur

  • + A
  • - A
  • Bu gün, 22:02

    Avropada rekord istilər müşahidə olunur

    Avropanın bir çox ölkəsində rekord səviyyədə isti hava şəraiti hökm sürür. Fransa, Böyük Britaniya və İspaniyada may ayı üzrə ən yüksək temperatur göstəriciləri qeydə alınıb.
    Fransanın 20-dən çox şəhərində tarixdə ən isti may temperaturu ölçülüb. Böyük Britaniyada isə London yaxınlığındakı Hitrou hava limanında havanın temperaturu 33,5 dərəcəyə çataraq milli may rekordunu yeniləyib. Sinoptiklər yaxın günlərdə temperaturun 35 dərəcəyədək yüksələcəyini bildirirlər.

    İspaniyada isə həftənin sonuna qədər temperaturun bəzi bölgələrdə 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
    Fransanın meteoroloji xidməti “Météo France” mövcud vəziyyəti “erkən başlayan, qeyri-adi və uzunmüddətli isti hava dalğası” kimi qiymətləndirib. Bildirilir ki, istilər daha bir neçə gün davam edəcək.

    Mütəxəssislərin sözlərinə görə, hadisənin əsas səbəbi “istilik qübbəsi” adlanan atmosfer hadisəsidir. Bu zaman Mərakeşdən gələn isti hava yüksək təzyiq sahəsinin təsiri altında bölgə üzərində sıxışıb qalır.

    İqlim ekspertləri xəbərdarlıq edirlər ki, iqlim dəyişiklikləri səbəbindən Avropada belə ekstremal istilər daha tez-tez və daha güclü şəkildə müşahidə olunacaq.

    Fransada 31 departamentdə yüksək temperatur təhlükəsi elan olunub. Onlardan səkkizində narıncı xəbərdarlıq səviyyəsi tətbiq edilib. Meteoroloji xəbərdarlıq sistemi may ayında ilk dəfədir ki, aktivləşdirilir.

    Ölkənin bəzi şəhərlərində temperatur 36 dərəcəyə qədər yüksəlib. Parisdə 32,6, Bordoda 34,2, Briv-la-Qayard şəhərində isə 35,3 dərəcə isti qeydə alınıb. Son göstərici əvvəlki may rekordundan təxminən 2 dərəcə yüksəkdir.
    Paris ətrafında keçirilən 10 kilometrlik qaçış zamanı bir nəfər ürəktutmadan həyatını itirib, daha 10 iştirakçı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    İspaniyanın cənub bölgələrində həftəsonu temperatur 38 dərəcəyə çatıb ki, bu da normadan 5–10 dərəcə yüksəkdir. Sinoptiklər Qvadiana, Qvadalkvivir və Ebro vadilərində yaxın günlərdə temperaturun 36–38, bəzi yerlərdə isə 40 dərəcəyə çatacağını bildirirlər.

    Bundan əlavə, “tropik gecələr”in də müşahidə olunacağı gözlənilir. Belə gecələrdə temperatur 20 dərəcədən aşağı enmir.

    Meteoroloqlar qeyd edirlər ki, hazırkı istilər son illərin Avropadakı ən erkən və ən güclü isti hava dalğalarından biri hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR