Livan İsrailin dünya mədəni irs obyektlərinə zərbələrini pisləyib

Livanın Mədəniyyət Nazirliyi İsrail ordusunun ölkə ərazisində yerləşən tarixi və mədəni irs obyektlərinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Nazirliyin bəyanatında xüsusilə qədim Sur şəhərinin (Tir) hədəfə alınmasından narahatlıq ifadə olunub.
Rəsmi açıqlamada bildirilib ki, beş min ildən artıq tarixə malik olan qədim Sur şəhəri bəşəriyyətin ümumdünya mədəni irsinin ayrılmaz hissəsidir. Qeyd olunub ki, bu abidənin qorunması təkcə Livanın deyil, həm də beynəlxalq hüquq və mədəni irsin mühafizəsi üzrə beynəlxalq konvensiyalardan irəli gələn ümumi məsuliyyətdir.
Livan tərəfinin məlumatına görə, İsrail ordusu ölkənin cənub bölgələrinə mütəmadi hava zərbələri endirir. Hücumlar nəticəsində bir sıra tarixi tikililər, o cümlədən qayalıq üzərində yerləşən orta əsrlərə aid məşhur Bofor qalası da zərər görüb.
Livanın cənub sahillərində yerləşən qədim Sur şəhəri 1984-cü ildən etibarən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Şəhərə 2024-cü ilin noyabrında silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il tarixli İkinci Protokolu çərçivəsində gücləndirilmiş mühafizə statusu verilib.
Livanın Mədəniyyət Nazirliyi beynəlxalq ictimaiyyəti və UNESCO-nu ölkədəki tarixi abidələrin qorunması üçün təcili tədbirlər görməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.