Washington Post: ABŞ Avropanın müdafiə dilemması ilə üz-üzə qalıb

ABŞ Konqresində İsraillə müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr fonunda Avropanın son illərdə apardığı siyasət diqqət mərkəzinə gəlib. ABŞ-ın nüfuzlu nəşri olan The Washington Post yazır ki, Avropa ölkələrinin İsrail müdafiə sənayesinə qarşı tətbiq etdiyi məhdudiyyətlər praktik reallıqlarla ziddiyyət təşkil edir.
Məqalədə qeyd olunur ki, 2025-ci ilin oktyabrında İspaniya İsrail müdafiə və ikili təyinatlı texnologiyalarına qarşı embarqonu qanuniləşdirsə də, artıq dekabr ayında ölkə bu qaydadan istisna tətbiq etməyə məcbur olub. Səbəb kimi İspaniyada istehsal olunan pilotsuz uçuş aparatları və aviasiya sistemlərində istifadə edilən İsrail komponentlərinin əvəzolunmaz olması göstərilir.
Nəşr bildirir ki, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi 2027-ci maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) layihəsini təsdiqləyib. Sənədin 224-cü bölməsi ABŞ və İsrail arasında süni intellekt, kvant texnologiyaları, avtonom sistemlər, yönləndirilmiş enerji, kibertəhlükəsizlik və biotexnologiyalar sahəsində əməkdaşlığın hüquqi əsaslarını yaradır.
Bununla yanaşı, bəzi amerikalı qanunvericilər sözügedən müddəanın qanundan çıxarılmasını tələb edirlər. Demokrat konqresmen Ro Khanna tərəfindən irəli sürülən düzəliş qəbul edilməsə də, respublikaçı konqresmen Thomas Massie analoji təşəbbüsü Palatanın ümumi səsverməsinə çıxarmağa hazırlaşır.
Məqalədə vurğulanır ki, Avropanın bəzi ölkələri İsrail şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etsələr də, praktiki ehtiyaclar onları yenidən İsrail texnologiyalarına müraciət etməyə məcbur edir. Nəşrin məlumatına görə, İsrailin silah ixracı 2025-ci ildə rekord səviyyəyə çataraq 19 milyard dolları ötüb və əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib.
Yazıda həmçinin qeyd edilir ki, müasir təhlükəsizlik çağırışları – pilotsuz uçuş aparatlarının yayılması, kritik infrastrukturun kibertəhdidlərə məruz qalması və süni intellekt əsaslı müdafiə sistemlərinə ehtiyac – İsrail texnologiyalarına tələbatı artırır.
Nəşr bildirir ki, bəzi ərəb və müsəlman ölkələri də siyasi həssaslıqlara baxmayaraq İsrail texnologiyalarından istifadə edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün İsrail istehsalı olan sistemlərdən yararlanır.
Məqalədə ABŞ daxilində də oxşar mübahisələrin yarandığı qeyd olunur. Belə ki, İsrail mənşəli pilotsuz uçuş aparatları istehsal edən Easy Aerial şirkətinin New York şəhərində fəaliyyətinin məhdudlaşdırılması bəzi ekspertlər tərəfindən təhlükəsizlik maraqlarına zidd addım kimi qiymətləndirilir.
Washington Post-un qənaətinə görə, ABŞ Konqresində qarşıdakı səsvermə ölkənin müdafiə siyasətinin hansı prinsip əsasında qurulacağını göstərəcək: strateji və texnoloji səmərəlilik, yoxsa siyasi və ictimai təzyiqlər. Nəşr hesab edir ki, təhlükəsizlik siyasətində əsas meyar effektivlik və vətəndaşların müdafiəsi olmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.