Pentaqon Alibabani Çin ordusu ilə əlaqəli şirkətlər siyahısına daxil edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çin texnologiya və sənaye nəhəngləri olan Alibaba Group, Baidu və BYD şirkətlərini Çin Xalq Azadlıq Ordusuna (ÇXAO) dəstək verdiyi iddia olunan müəssisələrin “qara siyahı”sına əlavə edib.
ABŞ Federal Reyestrində dərc olunan yenilənmiş sənədə əsasən, sözügedən şirkətlərin fəaliyyətinin Çin dövlət strukturları və hərbi-sənaye kompleksi ilə birbaşa və ya dolayı əlaqələri olduğu qeyd edilir.
Qərarın açıqlanmasından sonra bazarlarda da müəyyən reaksiyalar müşahidə olunub. Alibaba və BYD-nin səhmləri 0,5 faiz ucuzlaşıb, Baidu-nun qiymətli kağızları isə 2,3 faiz dəyər itirib. Elektrikli avtomobil istehsalçısı NIO şirkətinin səhmləri isə gün ərzində qazandığı artımın bir hissəsini itirib.
Pentaqonun siyahısında bundan əvvəl də Huawei, Tencent, DJI, TP-Link, Hikvision, CATL və bir sıra digər iri Çin şirkətləri yer alır.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, siyahıya daxil edilən şirkətlər Çin hökumətinin “hərbi-mülki inteqrasiya” strategiyası çərçivəsində fəaliyyət göstərir. Bu çərçivədə müəssisələrin dövlət tərəfindən dəstəklənməsi, müdafiə sənayesi ilə əlaqəli layihələrdə iştirakı, hərbi məhsul istehsalı lisenziyalarına malik olması və ya xüsusi sənaye proqramlarından maliyyə yardımı alması əsas meyarlar kimi göstərilib.
Vaşinqton hesab edir ki, bu şirkətlərin fəaliyyəti Çin ordusunun texnoloji və sənaye potensialının gücləndirilməsinə xidmət edə bilər. Pekin isə adətən bu cür ittihamları rədd edir və ABŞ-ı Çin şirkətlərinə qarşı siyasi təzyiq göstərməkdə günahlandırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.