Paşinyanın partiyası Avropanın ən böyük siyasi ailəsinə qoşula bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının European People's Partyna (EPP) qoşulması ilə bağlı danışıqlar aparılır. Bu barədə Avropa məsələləri üzrə ixtisaslaşmış portal məlumat yayıb.
Məlumata görə, tərəflər arasında hələlik yekun qərar qəbul edilməyib və prosesin vaxt çərçivəsi müəyyənləşdirilməyib. Bununla belə, Paşinyan partiyasının Avropanın ən böyük siyasi birliyinə qoşulmasında maraqlı olduğunu bildirib. Müraciət təsdiqlənərsə, üzvlük prosesi 2026-cı ildən sonra başa çata bilər.
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, “Vətəndaş Müqaviləsi” partiyası səslərin təxminən 49,8 faizini qazanıb. İkinci yerdə 23,3 faizlə “Güclü Ermənistan” bloku, üçüncü yerdə isə 9,9 faizlə “Ermənistan” bloku qərarlaşıb. Digər siyasi qüvvələr, o cümlədən “Çiçəklənən Ermənistan” partiyası parlamentə keçid üçün tələb olunan səs həddini aşa bilməyib.
Seçkilərdən sonra müxalifət nümayəndələri və bəzi müşahidəçilər səsvermə prosesində qanun pozuntularının baş verdiyini iddia ediblər. Onların sözlərinə görə, seçicilərə təzyiq göstərilməsi, təşkilati pozuntular, eləcə də seçki kampaniyası və səsvermə günü müxalifət nümayəndələrinin saxlanılması halları qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.