ABŞ Oman körfəzində İran neftini daşıyan tankeri sıradan çıxarıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində fəaliyyət göstərən neft tankerini sıradan çıxardığını açıqlayıb. Komandanlığın məlumatına görə, gəmi tətbiq olunan məhdudiyyətləri pozaraq İrandan neft daşımağa cəhd edib.
Bildirilib ki, hadisə iyunun 9-da saat 23:14-də baş verib. CENTCOM-un açıqlamasına əsasən, Palau bayrağı altında üzən M/T Settebello tankeri ABŞ qüvvələrinin tələblərinə əməl etmədikdən sonra yüksək dəqiqlikli sursatla vurulub. Zərbənin gəminin mühərrik bölməsinə endirildiyi qeyd olunur.
Komandanlıq iddia edir ki, aprelin 13-də başlanmış blokada tədbirləri çərçivəsində indiyədək səkkiz qayda pozan gəmi sıradan çıxarılıb. Eyni zamanda, 134 gəmi ABŞ qüvvələrinin tələblərinə tabe olub, humanitar yardım daşıyan 42 gəminin isə maneəsiz keçidinə icazə verilib.
Hadisə ilə bağlı İran tərəfinin mövqeyi hələlik açıqlanmayıb. ABŞ-ın bu addımı regionda onsuz da yüksək olan gərginliyi daha da artıra biləcək hadisə kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.