Axios: ABŞ zərbələrdən sonra İranla razılaşma imkanını qorumağa çalışır

ABŞ administrasiyası hesab edir ki, İrana endirilən son zərbələr diplomatik prosesi tamamilə pozmayacaq və Tehranla mümkün razılaşma əldə etmək şansını qoruyub saxlayacaq. Bu barədə ABŞ rəsmisinə istinadən Axios nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, zərbələr Vaşinqtonun danışıqlardakı mövqeyini gücləndirmək məqsədilə planlaşdırılıb, lakin insan itkilərinin qarşısını almaq və gələcək danışıqların yolunu bağlamamaq üçün xüsusi şəkildə həyata keçirilib.
ABŞ rəsmisi bildirib ki, hücumlar çərşənbə axşamı axşamı Vaşinqtona əlavə təsir rıçaqları qazandırmaq məqsədilə endirilib. Bununla yanaşı, əməliyyat elə hesablanıb ki, heç kəs həlak olmasın və İranla mümkün razılaşma perspektivi qorunsun.
Məlumata görə, Qətər vasitəçiləri hazırda da Tehranda təmaslarını davam etdirir, tərəflər arasında qalan fikir ayrılıqlarını aradan qaldırmağa və danışıqlar prosesini yenidən canlandırmağa çalışırlar.
Bundan əvvəl ABŞ prezidenti Donald Trump diplomatik səylərin davam etməsinə baxmayaraq, İrana qarşı yeni zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi. ABŞ hərbi dairələrinin məlumatına görə, son hücumlar Hörmüz boğazı üzərində Amerika helikopteri ilə bağlı insidentə cavab olaraq həyata keçirilib. Bundan sonra ABŞ və İran arasında qarşılıqlı zərbələr mübadiləsi baş verib.
Bu məlumatlar fonunda Vaşinqton bir tərəfdən hərbi təzyiq vasitələrini saxlayarkən, digər tərəfdən Tehranla diplomatik razılaşma əldə etmək imkanını da açıq saxlamağa çalışır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.