İran ABŞ-a xəbərdarlıq etdi: Yeni zərbələr daha sərt cavabla qarşılanacaq

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı olan Xatəm əl-Ənbiya Qərargahı ABŞ-a növbəti dəfə hərbi zərbələr endiriləcəyi təqdirdə daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Qərargahın komandanı bildirib ki, ABŞ-ın İrana qarşı mümkün yeni hücumları münaqişənin regional çərçivədən çıxaraq daha geniş miqyas almasına, beynəlxalq təhlükəsizlik və qlobal iqtisadiyyat üçün ciddi risklər yaratmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Vaşinqton bir tərəfdən danışıqlar və mümkün razılaşmalardan danışsa da, digər tərəfdən İranın fikrincə düşmən xarakterli addımlar atmaqda davam edir. Komandan qeyd edib ki, bu siyasət regionda sabitliyin pozulmasının əsas səbəblərindən biridir və xüsusilə Hörmüz boğazı ətrafında beynəlxalq ticarət üçün təhlükə yaradır.
“ABŞ yenidən İrana zərbə endirərsə, əvvəlkindən daha sərt cavabla üzləşəcək. Müharibə alovu regionda qeyri-sabitliyi daha da artırmaqla yanaşı, daha geniş ərazilərə yayılacaq”, – deyə o vurğulayıb.
Komandan həmçinin bildirib ki, ABŞ rəhbərliyi İran cəmiyyətini və silahlı qüvvələrini düzgün qiymətləndirmir. Onun fikrincə, ABŞ-ın informasiya kampaniyası ölkənin uğursuzluqlarını gizlədə bilmir.
İran rəsmisi enerji təhlükəsizliyi məsələsinə də toxunaraq qeyd edib ki, İranın neft və qaz infrastrukturuna qarşı təhdidlər davam edərsə, “ya bütün tərəflər enerji ixracını maneəsiz həyata keçirəcək, ya da bu imkan heç kim üçün olmayacaq”.
Bəyanat İran və ABŞ arasında davam edən gərginlik və tərəflərin qarşılıqlı xəbərdarlıqları fonunda səsləndirilib. Bu gərginliyin xüsusilə enerji bazarları və beynəlxalq dəniz ticarəti üçün mühüm nəticələr doğura biləcəyi vurğulanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.