İsrail ABŞ-dan İran aktivlərinin dondurulmasının ləğv edilməməsini tələb edir

ABŞ-ın CNN telekanalının məlumatına görə, İsrail İranla mümkün sülh sazişi çərçivəsində İranın dondurulmuş maliyyə aktivlərinin azad edilməsindən imtina olunması üçün Vaşinqtona təzyiq göstərir.
Mənbənin bildirdiyinə əsasən, İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ Prezidenti Donald Trump ilə mütəmadi olaraq İran məsələsini müzakirə edir. Tərəflər arasında növbəti telefon danışığı cümə axşamı axşam saatlarında baş tutub.
Məlumata görə, Donald Tramp İranla mümkün razılaşmanı dəstəkləyən Yaxın Şərq ölkələri sırasında İsrailin də yer aldığını bəyan etdikdən sonra Netanyahu Vaşinqtonun mövqeyi ilə bağlı əlavə təminatlar almağa çalışıb.
Sonradan Baş nazirin ofisi tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ prezidenti gələcək razılaşmanın bir sıra əsas şərtlərinə sadiqliyini təsdiqləyib. Həmin şərtlər arasında İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, nüvə proqramının ləğvi, raket potensialının məhdudlaşdırılması və regiondakı müttəfiq silahlı qruplaşmalara dəstəyin dayandırılması yer alır.
CNN daha əvvəl xəbər vermişdi ki, Trampın İranla yaxın zamanda razılaşmanın əldə olunacağı barədə açıqlaması Netanyahu üçün gözlənilməz olub. Həmin vaxt İsrail hökumət başçısı ölkənin təhlükəsizlik qurumlarının rəhbərləri ilə İran məsələsinə həsr olunmuş müşavirə keçirirdi.
Baş nazir cümə günü verdiyi növbəti açıqlamada İsrailin İranın nüvə proqramına qarşı sərt mövqeyini bir daha vurğulayıb.
“İsrailin baş naziri olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”, – deyə Netanyahu bildirib.
CNN-in mənbəsinin sözlərinə görə, İsrail Vaşinqton və Tehran arasında aparılan danışıqlara hələ də ehtiyatla yanaşır və İranın danışıqları səmimi şəkildə aparmadığını düşünür. İsrail tərəfi hesab edir ki, ABŞ və İran arasında mümkün memorandumun imzalanması belə yekun və hərtərəfli sazişin əldə olunacağı anlamına gəlmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.