Putin: Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara hazırdır

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli istiqamətində danışıqlar aparmağa hazır olduqlarını, lakin bunun Rusiyanın milli maraqları nəzərə alınmaqla həyata keçirilməli olduğunu bildirib.
RIA Novosti agentliyinin məlumatına görə, Putin bu barədə Ukraynadakı müharibədə iştirak etmiş hərbçilərlə görüşü zamanı danışıb.
Rusiya lideri qeyd edib ki, Moskva danışıqlara açıqdır, lakin hər hansı razılaşma yalnız ölkənin cari və uzunmüddətli milli maraqlarına uyğun olmalıdır.
“Biz danışıqlar aparmağa hazırıq, lakin yalnız milli maraqlarımız nəzərə alınmaqla. Söhbət təkcə bugünkü deyil, həm də tarixi perspektiv baxımından gələcəyə hesablanmış maraqlardan gedir”, – deyə Putin vurğulayıb.
Prezident əlavə edib ki, Rusiya qarşı tərəfin imkanlarını da nəzərə almalı, eyni zamanda öz hərbi və strateji potensialını inkişaf etdirməyə davam etməlidir.
“Əlbəttə ki, biz rəqibin imkanlarını nəzərə almalı, öz imkanlarımızı təkmilləşdirməli, inkişaf etdirməli və gücləndirməliyik”, – deyə Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Rusiyanın əsas prioritetlərindən biri olaraq qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.