AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFP: İranyönlü hakerlər FTB dronlarını sındırdıqlarını iddia edib, dünya çempionatı ilə bağlı hədələr səsləndiriblər

  • + A
  • - A
  • Bu gün, 18:58

    AFP: İranyönlü hakerlər FTB dronlarını sındırdıqlarını iddia edib, dünya çempionatı ilə bağlı hədələr səsləndiriblər


    İranyönlü haker qruplaşması ABŞ-nin Federal Təhqiqat Bürosuna (FTB) məxsus pilotsuz uçuş aparatlarını sındırdıqlarını iddia edərək bu həftə start götürən futbol üzrə dünya çempionatı ilə bağlı hədələr səsləndirib.

    Bu barədə AFP agentliyi SITE Intelligence Group təşkilatına istinadən məlumat yayıb.

    Məlumata görə, “Həndələ” adlı haker qrupu bir neçə ay ərzində FTB-nin FPV (birinci şəxs baxışı) texnologiyası ilə idarə olunan dronlarından əldə edilən görüntülərə və məlumatlara çıxış əldə etdiyini bildirib. Qrupun iddiasına əsasən, həmin pilotsuz aparatlar terrorizmlə mübarizə əməliyyatlarında sifət tanıma və avtomatik nömrə nişanı oxuma sistemlərindən istifadə edir.

    Hakerlər yaydıqları bəyanatda dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq bəzi komandaları hədəfə ala biləcəklərinə işarə ediblər.

    “Çempionatın təhlükəsizliyini gücləndirsəniz yaxşı olar. Elə komandalar var ki, onları heç sevmirik. Unutmayın ki, FPV dronlar hər yerdədir və onların nə vaxt komanda avtobusunun yaxınlığında peyda olacağını heç vaxt bilməzsiniz”, – deyə qrupun açıqlamasında qeyd olunub.

    Məlumata görə, FTB turnir zamanı stadionların ətrafında icazəsiz uçuşların qarşısını almaq məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edir. Eyni zamanda, yarışla əlaqədar stadionlar və azarkeş zonaları üzərində dron uçuşları qadağan edilib.

    ABŞ Ədliyyə Nazirliyi daha əvvəl İranla əlaqəli strukturlar tərəfindən mümkün kiberhücumlarla bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlıq ABŞ və İsrailin Tehrana endirdiyi zərbələrdən sonra regionda gərginliyin artması fonunda səsləndirilmişdi.

    “Həndələ” qrupu sındırıldığı iddia edilən dronlardan əldə olunduğunu bildirdiyi foto və videolar da yayıb. Lakin SITE Intelligence Group həmin materialların həqiqiliyini şübhə altına alıb. Təşkilatın məlumatına görə, təqdim olunan videolardan biri əslində 2024-cü ilin dekabrında ABŞ polisinin tornado nəticələrinin qiymətləndirilməsi zamanı istifadə etdiyi texnologiyaları nümayiş etdirmək məqsədilə hazırlanmış proqram məhsuluna aiddir.

    Qeyd edək ki, “Həndələ” qrupu mart ayında da FTB direktoru Kash Patel elektron poçt hesabının sındırıldığını iddia etmiş və şəxsi məlumatlar yaymışdı.

    ABŞ Dövlət Departamenti isə bu haker qrupunun üzvlərinin müəyyən edilməsinə kömək edəcək məlumat qarşılığında 10 milyon dollara qədər mükafat vəd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR