Polşa F-35 qırıcılarını rəsmi olaraq silahlanmaya qəbul edib

Polşa ABŞ istehsalı olan beşinci nəsil F-35 qırıcı təyyarələrini rəsmi olaraq silahlanmaya qəbul edib. Polşa Silahlı Qüvvələrində bu təyyarələrə “Husar” adı verilib.
Polşa mətbuatının məlumatına görə, bununla əlaqədar ölkədə təntənəli tədbirlər keçirilib və hərbi aviasiyanın nümayiş uçuşları təşkil olunub.
Mərasim çərçivəsində F-35 qırıcıları Gdańsk, Warsaw və Kraków üzərində nümayiş uçuşları həyata keçiriblər. Uçuş marşrutu Vesterplatte bölgəsindən başlayıb, daha sonra təyyarələr Varşava üzərində görünərək Visla çayı boyunca uçuş ediblər. Marşrutun son mərhələsi isə Krakov şəhərində başa çatıb.
F-35-lərin silahlanmaya qəbul edilməsi ilə bağlı əsas mərasim Polşanın Lask şəhərində yerləşən 32-ci Taktiki Aviasiya Bazasında keçirilib. Bu baza “Husar” bölməsinin əsas yerləşmə məntəqəsi olacaq.
Tədbirdə Polşa Prezidenti Karol Nawrocki, Senatın marşalı Małgorzata Kidawa-Błońska, baş nazirin müavini və müdafiə naziri Władysław Kosiniak-Kamysz, eləcə də ABŞ Dövlət Departamentinin nümayəndəsi Thomas DiNanno iştirak ediblər. Mərasimə 2020-ci ildə təyyarələrin alınmasına dair müqaviləni imzalayan keçmiş müdafiə naziri Mariusz Błaszczak da qatılıb.
Polşaya ilk üç F-35 təyyarəsi bu ilin 22 may tarixində çatdırılıb. Ölkə ümumilikdə 32 ədəd beşinci nəsil qırıcı sifariş edib və onların tədarükünün 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. İlk təyyarə 2024-cü ilin noyabrında istehsal olunub.
ABŞ-ın Lockheed Martin şirkəti tərəfindən istehsal edilən F-35 qırıcıları NATO-nun ən müasir döyüş təyyarələrindən hesab olunur. Təyyarələr aşağı radar görünürlüğü texnologiyası sayəsində hava hücumundan müdafiə sistemləri tərəfindən daha çətin aşkarlanır.
Yeni qırıcılar Polşa Hərbi Hava Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Onlar uzaqmənzilli AGM-158 JASSM raketləri, AIM-120 AMRAAM və AIM-9X Sidewinder tipli “hava-hava” raketləri, eləcə də müxtəlif idarəolunan və planerləşdirilən aviasiya bombaları daşımaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, F-35 təyyarələrinin alınmasına dair 4,6 milyard dollarlıq müqavilə 2020-ci ilin əvvəlində imzalanıb və bu, Polşa tarixinin ən iri müdafiə satınalmalarından biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.