Vatikanın humanitar konvoyu İsrail tankları ilə qarşılaşdıqdan sonra marşrutunu dəyişib

Livanın cənubundakı xristian kəndlərinə humanitar yardım aparan və Vatikan nümayəndəsinin iştirakı ilə təşkil olunan konvoy İsrail hərbçiləri tərəfindən dayandırıldıqdan sonra marşrutunu dəyişmək məcburiyyətində qalıb.
AFP agentliyinin məlumatına görə, hadisə cümə axşamı günü konvoyun Debl kəndinə yaxınlaşdığı vaxt baş verib. Missiya iştirakçılarından biri anonimlik şərti ilə bildirib ki, karvan bir neçə İsrail tankı ilə üz-üzə gəlib və onların hərəkəti dayandırılıb.
Mənbənin sözlərinə görə, hadisə zamanı tanklardan və pulemyotlardan atəş səsləri eşidilib. Atəşin hansı istiqamətə və hansı məqsədlə açıldığı məlum olmadığından, bu vəziyyət konvoy iştirakçıları arasında təşviş yaradıb.
“Onların bizi qorxutmağa çalışdıqlarını, yoxsa ‘Hizbullah’ mövqelərini hədəfə aldıqlarını anlamaq mümkün deyildi”, – deyə konvoy iştirakçısı qeyd edib.
Hadisə ilə bağlı nə İsrail ordusu, nə də Vatikan AFP-nin sorğusuna cavab verib.
Vatikanın Livandakı apostol nunsisi Paolo Borgia tərəfindən rəhbərlik edilən konvoy 25 yük maşını və öz kəndlərinə qayıtmağa çalışan sakinlərin olduğu bir neçə avtomobildən ibarət olub. Marşrut BMT sülhməramlıları ilə koordinasiya edilmiş və İsrail ilə “Hizbullah” arasında 2024-cü ildə əldə olunan atəşkəs mexanizmi çərçivəsində razılaşdırılmışdı.
Bir saatdan artıq gözləmədən sonra konvoy marşrutunu dəyişərək hərəkətini davam etdirib və təyinat məntəqəsinə təxminən 12 saat sonra çatıb.
Katolik yardım təşkilatı Oeuvre d’Orient-in rəhbəri Vincent Gelot bildirib ki, sərhəd bölgəsində yerləşən xristian kəndlərinin sakinləri faktiki olaraq təcrid olunmuş vəziyyətdə yaşayırlar. Onun sözlərinə görə, əksəriyyəti fermer olan sakinlər torpaq sahələrinə və yaşayış resurslarına çıxış imkanlarını itiriblər, kəndlərin gələcəyi isə ciddi təhlükə altındadır.
Xatırladaq ki, Livanın cənubundakı xristian sərhəd kəndlərinin assosiasiyası daha əvvəl hökuməti təhlükəsiz humanitar və tibbi dəhlizlərin açılmasını təmin etməyə çağırmışdı. Bundan əvvəl, iyunun 2-də İsrailə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutdan öz kəndinə qayıdan bir tələbə qız, onun atası və qardaşı həlak olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.