Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 40-50 gün çəkə bilər

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra Hörmüz boğazının minalardan təmizlənməsi prosesi 40-50 gün davam edə bilər. Bu barədə Reuters agentliyi dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Qərb mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, adi minaaxtaran gəmilər və müasir sualtı pilotsuz aparatların iştirakı ilə həyata keçiriləcək əməliyyatın tamamlanması bir aydan çox vaxt tələb edə bilər. Ekspertlər hesab edirlər ki, yalnız bundan sonra sığorta, gəmiçilik və neft şirkətləri bölgədə fəaliyyətlərini bərpa etmək üçün kifayət qədər təhlükəsizlik təmin olunduğuna əmin ola bilərlər.
Reuters qeyd edir ki, yaranan gecikmə qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında neft ehtiyatları 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Bundan əlavə, Fars körfəzindən neft tədarükünün dayanması fonunda boğazda on milyonlarla barrel xam neftin hərəkəti də ləngiyə bilər.
Beynəlxalq Gəmiçilik Assosiasiyası (BIMCO) təhlükəsizlik məsələləri üzrə rəhbəri Yakob Larsen bildirib ki, hazırkı şəraitdə boğazdan tranzit daşımaların bərpası hələ də yüksək risk daşıyır.
“Hazırda bölgədən keçidə başlamağın çox riskli olduğunu düşünürük”, – deyə Larsen vurğulayıb.
Onun sözlərinə görə, Hörmüz boğazında mina təhlükəsi uzun müddət aktual olaraq qalacaq və təhlükəsiz gəmiçilik üçün minalardan tam təmizlənmiş xüsusi marşrutların yaradılması zəruridir.
Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm arteriyalarından biri hesab olunur. Burada yaranan hər hansı təhlükəsizlik problemi qlobal enerji qiymətlərinə və beynəlxalq ticarətə birbaşa təsir göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.