İsveç miqrasiya siyasətini daha da sərtləşdirir: Borcu olan və ya “uyğun davranmayan” miqrantlar yaşayış icazəsini itirə bilər

İsveç parlamenti miqrantların hüquqlarına dair qanunvericiliyin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunları qəbul edib. Yeni qaydalara əsasən, hakimiyyət orqanları “uyğun olmayan davranış” göstərən şəxslərin yaşayış icazələrini ləğv edə biləcək.
Qanun sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində qəbul olunub və ölkədə miqrasiya siyasəti ilə bağlı siyasi mübarizənin növbəti mərhələsi kimi qiymətləndirilir. Hazırda hakim sağ-mərkəzçi hökumət parlamentdə sağçı-populist İsveç Demokratları partiyasının dəstəyinə arxalanır.
“Düzgün davranış haqqında” qanuna görə, İsveçdə yaşayan və ya gələcəkdə yaşayış icazəsi almaq istəyən şəxslər müəyyən davranış meyarlarına əməl etməlidirlər. Qanunun tətbiqi bəzi hallarda geriyə şamil edilə bilər.
İsveçin miqrasiya naziri Yohan Forssell bildirib ki, “özünü düzgün aparmaq üçün səy göstərməyən şəxslər ölkədə qalmaq hüququna malik olmamalıdır”.
Hökumət “uyğun olmayan davranış” nümunələri kimi ödənilməmiş borcları, vergidən yayınmanı, cinayət fəaliyyətini və ekstremist təşkilatlarla əlaqələri göstərib. Bununla belə, qanunda bu anlayışın dəqiq sərhədlərinin müəyyən edilməməsi müxalifət və hüquq müdafiəçilərinin tənqidinə səbəb olub.
Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International bəyan edib ki, yeni qaydalar İsveç vətəndaşları üçün qanunsuz hesab edilməyən davranışlara görə miqrantların yaşayış icazələrinin ləğvinə gətirib çıxara bilər.
Eyni zamanda, parlament az fərqlə daha bir mübahisəli qanunu da qəbul edib. “Məlumat vermə öhdəliyi” kimi tanınan qanuna əsasən, dövlət sektorunda çalışan bir çox əməkdaş ölkədə qanunsuz yaşadığı ehtimal edilən şəxslər barədə aidiyyəti qurumlara məlumat verməli olacaqlar.
Qanun 174 deputatın lehinə, 172 deputatın isə əleyhinə səsi ilə qəbul edilib. Tənqidçilər hesab edirlər ki, bu addım miqrantların fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərə, həmçinin irqi və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik riskini artıra bilər.
Yeni qanunlar İsveçin son illərdə həyata keçirdiyi daha sərt miqrasiya siyasətinin davamı kimi qiymətləndirilir və ölkədə geniş ictimai müzakirələrə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.