ABŞ Senatında İranla razılaşmaya sərt tənqid

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı senator Roger Wicker İranla mümkün razılaşmanı “strateji miqyasda səhv” adlandıraraq kəskin tənqid edib.
Senatorun açıqlamasına görə, belə bir saziş ABŞ və müttəfiqlərinin İranın nüvə proqramı və regional fəaliyyətlərinə qarşı əldə etdiyi nəticələri zəiflədə bilər. O bildirib ki, razılaşma prezident administrasiyasının qarşıya qoyduğu məqsədlərlə uyğun gəlmir.
Uiker xüsusilə İranın bərpası və iqtisadi inkişafı üçün nəzərdə tutulan 300 milyard dollarlıq fond ideyasından narahat olduğunu vurğulayıb. Onun fikrincə, bu məbləğ 2015-ci ildə İranla bağlanmış nüvə sazişi çərçivəsində nəzərdə tutulan iqtisadi güzəştlərlə müqayisədə daha böyük miqyas daşıyır.
Senator həmçinin İsraildən İranın dəstəklədiyi və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Hezbollah hərəkatına qarşı əməliyyatları dayandırmağın yanlış addım olacağını bildirib. O qeyd edib ki, təşkilat İsrailin şimal sərhədlərinə təhlükə yaratmaqda davam edir.
Bundan əlavə, Uiker İranın yalnız əlavə 60 günlük danışıqlara razılıq verməsi müqabilində ABŞ sanksiyalarının yumşaldılmasına və ya İran aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılmasına qarşı olduğunu bəyan edib.
Senatorun açıqlamaları Vaşinqtonda İranla bağlı mümkün razılaşma ətrafında siyasi müzakirələrin və fikir ayrılıqlarının davam etdiyini göstərir. ABŞ Konqresində bir sıra respublikaçılar İranla bağlı güzəştlərin regional təhlükəsizliyə mənfi təsir göstərə biləcəyini hesab edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.