Burkina-Faso Avropa Parlamentinin qətnaməsinə görə Aİ səfirini XİN-ə çağırıb

Burkina-Faso hökuməti Avropa Parlamentinin ölkədə söz azadlığı və terrorizmlə mübarizə sahəsində vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq Avropa İttifaqının səfiri Filip Bronşeni Xarici İşlər Nazirliyinə çağırıb.
Bu barədə Burkina-Fasonun xarici işlər naziri Karamoko Jan-Mari Traore məlumat verib. Nazir bildirib ki, ölkə rəhbərliyi sənəddə yer alan və daxili siyasətə yönəlmiş tənqidləri əsassız hesab edir və qətnamədən narazılığını qarşı tərəfə çatdırıb.
Traorenin sözlərinə görə, Burkina-Faso suveren dövlətdir və daxili təhlükəsizlik, eləcə də idarəetmə məsələlərinə xarici müdaxiləni qəbuledilməz sayır. O vurğulayıb ki, Avropa Parlamentinin qətnaməsi Sahel regionu ölkələrinin, o cümlədən Mali və Nigerin terrorizmlə mübarizə istiqamətində gördüyü işləri nəzərə almır.
Qeyd edək ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamədə Burkina-Fasoda insan hüquqlarının pozulması, vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyətlər qoyulması ilə bağlı narahatlıq ifadə olunub. Sənəddə eyni zamanda demokratik azadlıqların qorunması şərti ilə hakimiyyət orqanları ilə dialoqun davam etdirilməsinə çağırış edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.