ABŞ-da orta yaşlı qadınlar alkoqoldan daha çox sui-istifadə edir, lakin risklər barədə daha az məlumatlıdırlar

ABŞ-da aparılan yeni milli araşdırma göstərib ki, orta yaşlı qadınlar arasında alkoqoldan problemli istifadə səviyyəsi ən yüksək olsa da, məhz bu qrup alkoqolun süd vəzi xərçəngi riskini artırması barədə ən az məlumata malikdir.
Nəticələri Alcohol: Clinical & Experimental Research jurnalında dərc olunan tədqiqatda yaşı 18-dən yuxarı olan təxminən 2200 qadın iştirak edib. Sorğu zamanı iştirakçılara alkoqol istehlakı vərdişləri, psixi vəziyyətləri və alkoqolun süd vəzi xərçəngi ilə əlaqəsi barədə məlumatlılıq səviyyələri ilə bağlı suallar verilib.
Araşdırma nəticəsində məlum olub ki, ABŞ-da orta yaşlı qadınlar arasında həddindən artıq alkoqol qəbulu, o cümlədən qısa müddətdə çox miqdarda içki qəbul etmə (binge drinking) və tövsiyə olunan normanın mütəmadi aşılması halları daha çox müşahidə olunur.
Bununla yanaşı, məhz bu yaş qrupunda alkoqolun süd vəzi xərçəngi riskini artırdığı barədə məlumatlılıq səviyyəsi ən aşağı olub.
Tədqiqatçılar bildirirlər ki, alkoqol ilə süd vəzi xərçəngi arasındakı əlaqə qəbul edilən alkoqolun miqdarından asılıdır. ABŞ-ın Hyuston Universitetinin tədqiqatçısı Dipali Rinkerin sözlərinə görə, hətta orta miqdarda alkoqolun uzun müddət istifadəsi belə onkoloji xəstəlik riskini artırır.
Mütəxəssislər qeyd edirlər ki, "standart alkoqol dozası" dedikdə təxminən 150 millilitr şərab, 350 millilitr pivə və ya 45 millilitr güclü spirtli içki nəzərdə tutulur.
Araşdırma müəlliflərinin sözlərinə görə, son illərdə ABŞ-da orta və yaşlı qadınlar arasında alkoqol istehlakı artmaqdadır. Bunun əsas səbəbləri kimi xroniki stress, ailə qayğıları, iş yükü və alkoqol istifadəsinin "şərab mədəniyyəti" adı altında cəmiyyətdə getdikcə daha çox normallaşdırılması göstərilir.
Alimlər hesab edirlər ki, süd vəzi xərçənginin profilaktikası yalnız skrininq müayinələri və ailə anamnezinin qiymətləndirilməsi ilə məhdudlaşmamalı, həm də qadınların alkoqolun yaratdığı risklər barədə daha geniş və yaş qruplarına uyğun şəkildə məlumatlandırılmasını əhatə etməlidir.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr hələ ilkin xarakter daşıyır. Araşdırma elmi konfransda təqdim edilib və tam elmi rəy (peer review) prosesindən keçərək tam məqalə şəklində dərc olunması hələ gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.