Mişel Obama uğurlu və möhkəm evliliyin sirrini açıqlayıb

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama həyat yoldaşı, ölkənin sabiq prezidenti Barak Obama ilə 30 ildən artıq davam edən evliliklərinin sirri barədə danışıb.
People nəşrinə müsahibəsində Mişel Obama bildirib ki, həyat yoldaşının dəstəyi ona öz imkanlarına inanmağa və həyatında cəsarətli qərarlar verməyə kömək edib.
"Əgər Barak olmasaydı, düşünürəm ki, həyatım daha sakit keçərdi və bir çox addımları atmağa cəsarət etməzdim. O, mənə imkanlarımı daha geniş görməyi öyrətdi. Harvard diplomumun məni yalnız hüquqşünas etmədiyini, istədiyim sahədə uğur qazana biləcəyimi göstərdi. Mənə həmişə deyirdi: "Mən sənin yanındayam"", – deyə Mişel Obama bildirib.
Onun sözlərinə görə, məhz bu dəstək çətin qərarlar qəbul etməsinə və qorxularına baxmayaraq irəliləməsinə imkan verib.
Barak Obama da öz növbəsində həyat yoldaşının onu hər zaman reallığa qaytardığını və daxili tarazlığını qorumağa kömək etdiyini söyləyib.
"O, məni daha yaxşı insan edir. İlk görüşümüzdən onun qeyri-adi dəyərlərə, zəkaya və güclü xarakterə sahib olduğunu anladım", – deyə sabiq prezident qeyd edib.
Cütlük münasibətlərinin hər zaman ideal olmadığını da gizlətmir. Mişel Obama daha əvvəl ailə psixoloquna müraciət etdiklərini açıqlayaraq, möhkəm nikahın daim üzərində çalışılmalı olduğunu vurğulamışdı.
Barak və Mişel Obama 1980-ci illərin sonlarında Çikaqoda hüquq şirkətində tanış olublar. Onlar 1992-ci ildə ailə qurublar və hazırda Maliya və Saşa adlı iki qız övladının valideynləridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.