Ukrayna və Latviya Rusiya və Belarus sərhədində PUA istehsalı zavodu tikəcək

Latviya və Ukrayna Rusiya və Belarusla sərhədə yaxın ərazidə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə zavod tikməyi planlaşdırır. Bu barədə Delfi portalı Latviyanın Baş naziri Andris Kulberqsin Latqaliya bölgəsində yerləşən hərbi bazaya səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Latviya ilə Ukrayna arasında hərbi sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində Latviya ərazisində, Rusiya sərhədi yaxınlığında PUA istehsalı üzrə birgə müəssisənin yaradılması planlaşdırılır.
Andris Kulberqs həmçinin bildirib ki, Latviya sərhədlərinin hava təhlükəsizliyini gücləndirmək məqsədilə pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün xüsusi interceptor dronlardan istifadə etməyi planlaşdırır. Onun sözlərinə görə, bu sistem sayəsində sərhəd yaxınlığında naməlum dron aşkar edildikdə hər dəfə hərbi aviasiyanın havaya qaldırılmasına ehtiyac qalmayacaq.
Yeni təşəbbüsün regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Ukrayna ilə Latviya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıdığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.