Livan İsraillə beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca öz silahlı qüvvələrini yerləşdirməyə hazırlaşır

Livan İsraillə beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca öz silahlı qüvvələrini yerləşdirməyə hazırlaşır. Bu barədə ölkə prezidenti, general Cozef Aun ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə Beyrutda keçirdiyi görüşdə bildirib.
Prezident Aunun sözlərinə görə, Livan ordusu qarşıya qoyulan vəzifəni yerinə yetirməkdə qətiyyətlidir. O vurğulayıb ki, İsrail Livan ordusunun sərhəd boyunca yerləşdirilməsinə mane olmamalıdır.
Görüş zamanı iyunun 26-da Vaşinqtonda Livan və İsrail nümayəndələri arasında əldə olunmuş çərçivə sazişinin icrası müzakirə edilib. Məlumata görə, admiral Bred Kuper Təl-Əvivdən Beyruta hərbi müşahidəçilər qrupu ilə birlikdə gəlib.
Razılaşmaya əsasən, İsrail ordusunun yaxın vaxtlarda Livanın cənubundakı bir sıra yaşayış məntəqələrini tərk etməsi, həmin ərazilərə isə Livan ordusunun "pilot zonalar" çərçivəsində yerləşdirilməsi planlaşdırılır.
Bundan əvvəl prezident Cozef Aun ABŞ prezidenti Donald Trampla telefon danışığı apararaq Livanın əldə olunmuş razılaşmalara sadiq qaldığını təsdiqləyib və Vaşinqtonu İsrailin qoşunlarını geri çəkməklə bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək verməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.