Avropalılar müdafiəni müstəqil qurmaq istəyirlər, lakin əksəriyyət ABŞ-siz bunun mümkünlüyünə şübhə edir

Avropa İttifaqının 24 ölkəsində keçirilən yeni ictimai rəy sorğusu göstərir ki, avropalılar təhlükəsizlik sahəsində ABŞ-ın hərbi dəstəyindən daha çox Avropanın öz müdafiə imkanlarına güvənməsini istəyirlər. Bununla yanaşı, respondentlərin əksəriyyəti Avropanın bu məqsədə təkbaşına nail ola biləcəyinə tam əmin deyil.
Public First tədqiqat mərkəzinin iyun ayında keçirdiyi və Politico nəşrinin təqdim etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 40 faizi ölkələrinin hərbi yardım baxımından Avropa daxilindəki tərəfdaşlara arxalanmasını məqbul hesab edir. Yalnız 14 faiz isə ABŞ da daxil olmaqla, Avropadan kənar tərəfdaşların hərbi dəstəyinə üstünlük verir.
Sorğu göstərir ki, Avropa İttifaqının öz vətəndaşlarını müdafiə etmək qabiliyyəti ilə bağlı fikirlər demək olar ki, bərabər bölünüb. Respondentlərin 41 faizi Aİ-nin buna qadir olduğunu düşünür, 43 faizi isə əks mövqedədir. Milli səviyyədə isə vəziyyət daha pessimist qiymətləndirilir: iştirakçıların 58 faizi öz ölkələrinin xarici yardım olmadan müdafiəyə hazır olmadığını bildirib.
Mütəxəssislərin fikrincə, ABŞ-a təhlükəsizlik təminatçısı kimi etimadın azalması Avropada transatlantik alyansın gələcəyi ilə bağlı narahatlıqların artması fonunda baş verir. Bu vəziyyət NATO daxilində müdafiə öhdəliklərinin yenidən bölüşdürülməsi və Avropa ölkələrinin hərbi xərclərinin artırılması ilə bağlı müzakirələri gücləndirib.
Sorğu iştirakçılarının 46 faizi Avropa İttifaqı ölkələrinin silah istehsalını, hətta bu daha yüksək xərclərə səbəb olsa belə, Avropa daxilində həyata keçirməsini dəstəkləyib.
Araşdırma ölkələr arasında fərqli yanaşmaların olduğunu da üzə çıxarıb. Ən yüksək özünəinam Finlandiya sakinləri arasında qeydə alınıb. Respondentlərin 76 faizi ölkələrinin xarici yardım olmadan özünü müdafiə edə biləcəyini bildirib.
Buna qarşılıq, Baltik ölkələri, Rumıniya və Bolqarıstan kimi Rusiyaya daha yaxın yerləşən ölkələrdə narahatlıq və şübhə səviyyəsinin daha yüksək olduğu müəyyən edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.