İndoneziyada TikTok yayımındakı öpüşə görə qadına ictimai şəkildə şallaq cəzası verilib

İndoneziyanın Açe əyalətində TikTok-da canlı yayım zamanı öpüşdüyünə görə bir qadına ictimai şəkildə şallaq cəzası verilib. Xarici KİV-in məlumatına görə, bu, sosial şəbəkədə "ədəbsiz davranışa" görə şəriət qanunları əsasında tətbiq edilən ilk belə cəza hesab olunur.
Məlumata əsasən, şəriət polisi gənc cütlüyün canlı yayım zamanı davranışını İslam qanunlarının pozulması kimi qiymətləndirib. Cəza çoxsaylı insanların iştirakı ilə həyata keçirilib.
Bildirilir ki, qadın 21 (bəzi mənbələrə görə isə 27) şallaq zərbəsinə məhkum edilib. Cəzanın icrası zamanı o, huşunu itirib və hadisə yerində olan tibb işçiləri müdaxilə ediblər. Yerli qanunvericiliyə əsasən, onun səhhəti stabilləşdikdən sonra cəzanın qalan hissəsinin icra ediləcəyi qeyd olunub.
Qadının tərəfdaşı da eyni hadisəyə görə şallaq cəzası alıb. Banda-Açe şəhərinin şəriət polisi rəhbəri Məhəmməd Rizal bildirib ki, bu, rəqəmsal məkandakı fəaliyyətə görə şəriət qanunlarının tətbiq edildiyi ilk haldır.
Açe İndoneziyada şəriət qanunlarının rəsmi şəkildə tətbiq olunduğu yeganə əyalətdir. Burada nikahdankənar cinsi münasibətlər, nikahsız kişi və qadın arasında fiziki yaxınlıq, eynicinsli münasibətlər, qumar və spirtli içki qəbulu qanunla qadağandır.
Beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Amnesty International və Human Rights Watch, bədən cəzalarının tətbiqini növbəti dəfə kəskin tənqid edərək bunun insan ləyaqətini alçaldan və ciddi psixoloji fəsadlar yaradan bir təcrübə olduğunu bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.