Financial Times: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərinə zərbələrdə kömək edir

Financial Times: ABŞ Ukraynaya Rusiyanın neft obyektlərinə zərbələrdə kömək edir
ABŞ kəşfiyyatı Ukraynaya Rusiyadakı neft infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələrin planlaşdırılmasında dəstək göstərib. Bu barədə Financial Times nəşri yüksəkvəzifəli ukraynalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı Ukraynaya pilotsuz aparatların optimal uçuş marşrutlarının müəyyənləşdirilməsində, eləcə də Rusiya hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün marşrutların hazırlanmasında kömək edib.
Financial Times yazır ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı PUA hücumları ölkədə son onilliklərin ən ciddi yanacaq böhranına səbəb olub.
Polşanın Rochan Consulting analitik qrupunun məlumatına əsasən, may ayında Ukraynanın Rusiya neft emalı zavodlarına uğurlu hücumlarının sayı 16-ya çataraq aylıq rekord göstərici qeydə alıb.
Nəşrin məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodları azı 194 dəfə hücuma məruz qalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.
Bildirilir ki, 2026-cı ildə Kiyev və Moskva arasında pilotsuz uçuş aparatları və raketlərlə qarşılıqlı zərbələrin intensivliyi 2022-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.
Rusiya Müdafiə Nazirliyi ukraynalı pilotsuz aparatların böyük əksəriyyətinin məhv edildiyini bildirsə də, Financial Times hücumların artmasının strateji enerji obyektlərinə uğurlu zərbələrin sayını da yüksəltdiyini vurğulayır.
Nəşrin yazdığına görə, yaranmış vəziyyət fonunda Rusiyanın regionlarının yarıdan çoxunda yanacaq satışına ciddi məhdudiyyətlər tətbiq olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.