Barselonada 112 ilin ən isti günü qeydə alınıb

İspaniyada davam edən anomal isti hava şəraiti fonunda Barselona şəhərində son 112 ilin ən yüksək temperaturu qeydə alınıb.
İspaniyanın meteoroloji xidmətinin məlumatına görə, şəhərdə havanın temperaturu 40,5 dərəcəyə çatıb. Bu göstərici Barselonada aparılan müşahidələr tarixində yeni rekord hesab olunur. Beləliklə, 2024-cü il iyulun 30-da qeydə alınmış 40 dərəcəlik əvvəlki rekord yenilənib.
İlkin ölçmələr şəhərin qərbində yerləşən Fabra rəsədxanasının meteoroloji stansiyasında aparılıb. Aralıq dənizi sahilində yerləşən Barselona-El Prat hava limanında isə temperatur 37,7 dərəcə olub ki, bu da həmin stansiyada 1924-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
İspaniyanın Dövlət Meteorologiya Agentliyinin (AEMET) nümayəndəsi Xose Anxel Nunyes bildirib ki, bu, Barselonada müşahidələr tarixinin ən isti günüdür. Onun sözlərinə görə, adətən Aralıq dənizinin təsiri şəhərdə havanı nisbətən mülayim saxlasa da, bu dəfə temperatur rekord həddə yüksəlib.
Meteoroloqların proqnozuna əsasən, bazar günündən başlayan isti hava dalğası cümə axşamına qədər davam edəcək. Ölkənin bəzi bölgələrində temperatur 44 dərəcəni ötüb.
AEMET Kataloniya və Valensiyanın bəzi ərazilərində havanın kəskin isti keçməsi ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edib. Barselona da daxil olmaqla ölkənin mərkəz, cənub və şimal-şərq bölgələrinin böyük hissəsində isə narıncı xəbərdarlıq qüvvədədir.
Alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi ekstremal hava hadisələrinin, o cümlədən uzunmüddətli və intensiv isti hava dalğalarının daha tez-tez baş verməsinə səbəb olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.