CNN: Pakistan və Qətər ABŞ-la İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır

Pakistan və Qətər ABŞ ilə İran arasında yenidən danışıqların bərpası istiqamətində diplomatik səylərini gücləndirib. Bu barədə regional mənbələrə istinadən CNN məlumat yayıb.
Məlumata görə, hər iki ölkə daha əvvəl İsveçrədə keçirilən və iyunun ortalarında Anlaşma Memorandumunun imzalanması ilə nəticələnən danışıqlarda əsas vasitəçilərdən olub. Həmin diplomatik prosesdə Oman da iştirak edib.
Pakistan Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və regionda sülh və sabitliyi daha da təhlükə altına ala biləcək addımlardan çəkinməyə çağırıb.
"Regionda sülhün təmin olunması üçün dialoq və diplomatiyanın alternativi yoxdur", – deyə Pakistan XİN-in bəyanatında vurğulanıb. Rəsmi İslamabad tərəfləri İslamabadda imzalanmış Anlaşma Memorandumuna sadiq qalmağa çağıraraq, sənədi qarşılıqlı anlaşma, hörmət və regional rifahın əsasını təşkil edən mühüm çərçivə kimi qiymətləndirib.
Bu arada, ABŞ və İran arasında əldə edilmiş atəşkəsin pozulduğu bildirilir. Məlumata görə, qarşılıqlı hücumlar artıq ikinci gündür davam edir və bu, əvvəllər əldə olunmuş kövrək atəşkəsi daha da zəiflədib.
ABŞ ordusu gecə saatlarında İran sahilləri boyunca yerləşən 90 hədəfə zərbələr endirdiyini açıqlayıb. Buna cavab olaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.