Fidan: ABŞ istehsalı F110 mühərriklərinin "Kaan" qırıcıları üçün tədarükündə problem gözlənilmir

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ istehsalı olan F110 mühərriklərinin Türkiyənin beşinci nəsil "Kaan" qırıcıları üçün tədarükü ilə bağlı artıq problem gözləmədiyini bildirib.
Nazir TRT telekanalına müsahibəsində deyib ki, ABŞ Konqresində F110 mühərriklərinin ixracına etiraz üçün nəzərdə tutulan müddət başa çatıb.
"F110 mühərrikləri ilə bağlı ABŞ Konqresinə etirazların təqdim olunması üçün ayrılmış vaxt dünən başa çatdı. Ümid edirəm ki, bundan sonra bu məsələ ilə bağlı heç bir problem yaşanmayacaq", – deyə Fidan qeyd edib.
Məlumata görə, Türkiyə artıq GE Aerospace istehsalı olan bir neçə F110 mühərrikini təhvil alıb və əlavə olaraq azı 80 mühərrik almağı planlaşdırır.
Hakan Fidan vurğulayıb ki, müttəfiqlər arasında Türkiyəyə qarşı hər hansı istiqamətdə sanksiyalar tətbiq edilməməlidir.
Nazirin sözlərinə görə, Türkiyə milli təhlükəsizlik məsələlərində heç vaxt güzəştə getməyəcək. O bildirib ki, əgər ölkə müttəfiqlərlə əməkdaşlıq çərçivəsində hərbi imkanların əldə edilməsi və ya inkişafı sahəsində maneələrlə üzləşərsə, gözləməyəcək və alternativ yollar axtaracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.