AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudan ABŞ-ın sülh planının böyük hissəsini dəstəkləyir

  • + A
  • - A
  • Bu gün, 19:48

    Sudan ABŞ-ın sülh planının böyük hissəsini dəstəkləyir


    Sudan ABŞ-ın sülh planının böyük hissəsini dəstəkləyir, lakin üsyançı qüvvələrin şəhərlərdən tam çıxarılmasını tələb edir
    Sudan hökuməti ABŞ-ın irəli sürdüyü sülh planının böyük hissəsini qəbul etməyə hazır olduğunu açıqlayıb. Lakin rəsmi Xartum üsyançı “Sürətli Dəstək Qüvvələri”nin (RSF) nəzarətində olan bütün şəhərlərdən tamamilə çıxmasını əsas şərt kimi irəli sürür.

    Reuters agentliyinin hökumət rəsmilərinə və əldə etdiyi sənədlərə istinadən yaydığı məlumata görə, ABŞ-ın təklif etdiyi plan 90 günlük dərhal humanitar atəşkəsin elan edilməsini, daha sonra uzunmüddətli atəşkəslə bağlı danışıqların başlanmasını və seçkilərdən əvvəl mülki siyasi keçid prosesinin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin vahid milli ordunun yaradılması və silahlı, eləcə də ekstremist qrupların siyasi prosesdən kənarda saxlanılması təklif edilir.

    Sudan hökuməti planın əksər müddəalarını dəstəkləsə də, BMT-nin iştirakı ilə beynəlxalq nəzarət mexanizmi altında RSF qüvvələrinin Şimali Darfur və Şimali Kordofan da daxil olmaqla bəzi ərazilərdən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan bəndlə razılaşmır.

    Rəsmi Xartum bildirir ki, RSF qüvvələri 11 may 2023-cü ildən etibarən ələ keçirdiyi bütün şəhərləri tam şəkildə tərk etməlidir.
    Xatırladaq ki, Sudanda silahlı qarşıdurma 2023-cü ilin aprelində ölkənin Silahlı Qüvvələrinin komandanı və Suveren Şuranın sədri Əbdülfəttah əl-Burhan ilə RSF-nin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında hakimiyyət uğrunda mübarizə nəticəsində başlayıb. Paytaxt Xartumda başlayan döyüşlər qısa müddətdə ölkənin digər bölgələrinə də yayılıb.

    Beynəlxalq təşkilatların hesablamalarına görə, münaqişə nəticəsində təxminən 60 min nəfər həlak olub, 14 milyona yaxın insan isə evini tərk etmək məcburiyyətində qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR