Pelenin 1958-ci il Dünya Çempionatının finalında geyindiyi forma rekord qiymətə satıldı

Pelenin 1958-ci il Dünya Çempionatının finalında geyindiyi forma rekord qiymətə satıldı
Braziliya futbolunun əfsanəsi Peleyə məxsus, 1958-ci il futbol üzrə dünya çempionatının final oyununda geyindiyi forma hərracda 4,9 milyon ABŞ dollarına satılıb.
Sotheby's hərrac evinin məlumatına görə, bu forma "Futbol Kralı" Pelenin adı ilə bağlı indiyədək satılmış ən bahalı idman xatirə əşyası olub.
Söhbət Pelenin İsveçdə keçirilən 1958-ci il dünya çempionatının finalında geyindiyi, 10 nömrəli mavi formadan gedir. Həmin oyunda cəmi 17 yaşı olan Pele iki qol vuraraq Braziliyanın ev sahibi İsveç üzərində 5:2 hesablı qələbəsində və ölkəsinin tarixində ilk dünya çempionluğunu qazanmasında həlledici rol oynamışdı.
Hərrac zamanı forma uğrunda beş alıcı ümumilikdə 10 təklif verib. Nəticədə satış məbləği futbol formaları arasında tarixdə ikinci ən yüksək qiymət kimi qeydə alınıb.
Bu sahədə rekord isə argentinalı futbol əfsanəsi Dieqo Maradonaya məxsusdur. Onun 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı oyunda, məşhur "Tanrının əli" qolunu vurduğu matçda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.
Qeyd edək ki, 2022-ci ildə 82 yaşında vəfat edən Pele 1958-ci il dünya çempionatının finalında vurduğu qollarla bu günə qədər dünya çempionatları finallarında qol vuran ən gənc futbolçu rekordunu qoruyur.
Sotheby's-in məlumatına görə, həmin forma daha əvvəl də hərraca çıxarılmışdı. O, 2004-cü ildə 70 505 funt sterlinqə (o dövrün məzənnəsi ilə təxminən 105 600 ABŞ dolları) satılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.