ABŞ-ın strateji neft ehtiyatları 300 milyon bareldən aşağı düşüb

ABŞ-ın Strateji Neft Ehtiyatında (SPR) xam neft ehtiyatlarının həcmi 300 milyon bareldən aşağı düşüb. Bu, ehtiyatların 1983-cü ildən bəri ən aşağı səviyyəyə enməsi deməkdir.
ABŞ Energetika Nazirliyinin açıqladığı məlumatlara görə, ötən həftə strateji ehtiyatlardan 6,1 milyon barel neft çıxarılıb. Nəticədə ehtiyatların ümumi həcmi 298,7 milyon barelə düşüb.
Məlumata əsasən, Strateji Neft Ehtiyatında sonuncu dəfə belə aşağı göstərici 1983-cü ilin yanvarında qeydə alınıb.
Ehtiyatların azalması qlobal neft bazarında gərginliyin artdığı bir dövrə təsadüf edir. Bildirilir ki, mart ayında ABŞ Prezidenti Donald Tramp İrandan enerji ixracının Hörmüz boğazından keçidinin məhdudlaşdırılmasından sonra 172 milyon barel neftin strateji ehtiyatlardan bazara buraxılması barədə göstəriş verib.
ABŞ-ın bu addımı Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin dünya neft bazarını sabitləşdirmək məqsədilə həyata keçirdiyi koordinasiyalı tədbirlərin bir hissəsi olub. Ümumilikdə, ölkələr tərəfindən 400 milyon barel neftin ehtiyatlardan bazara çıxarılması nəzərdə tutulub. Bu, agentliyin tarixində strateji neft ehtiyatlarından ən böyük həcmdə istifadə kimi qiymətləndirilir.
Müqayisə üçün, ABŞ və İsrailin İrana zərbələrindən və gərginliyin kəskinləşməsindən əvvəl, fevralın 28-də ABŞ-ın Strateji Neft Ehtiyatında təxminən 415 milyon barel neft var idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.