Telegram-ın təsisçisi Pavel Durov Avropa İttifaqında qəbul edilən və istifadəçilərin şəxsi yazışmalarının skan edilməsinə imkan verən qanunu sərt tənqid edib. O, X sosial şəbəkəsində paylaşımında bildirib ki, Avropa İttifaqı bu cür addımlarla "banan respublikasına" çevrilir.
Durovun sözlərinə görə, "əvvəllər banan respublikalarına xas olan belə hiylələrdən indi Avropa İttifaqında izləmə qanunlarının qəbul edilməsi üçün istifadə olunur".
O qeyd edib ki, Avropa Parlamentinin müzakirə etdiyi Chat Control qanununda demokratik heç nə yoxdur və Telegram Avropa İttifaqının qərarlarından asılı olmayaraq istifadəçilərin şəxsi yazışmalarını yoxlamayacaq.
Biznesmen vurğulayıb ki, belə qanunların qəbulunun arxasında "Avropa İttifaqını manipulyasiya edə biləcək böyük və güclü qüvvələr" dayanır.
Söhbət messencer xidmətlərinə internetdə uşaqlara qarşı seksual zorakılıq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə şəxsi mesajları skan etməyə icazə verən qanun layihəsindən gedir. Hazırkı plana əsasən, bu tədbirin müvəqqəti xarakter daşıyacağı və 2028-ci ilin aprel ayına qədər qüvvədə qalacağı nəzərdə tutulur.
Qeyd edək ki, "banan respublikası" termini formal olaraq müstəqil hesab olunsalar da, faktiki olaraq xarici təsirlərdən ciddi asılı olan və zəif siyasi institutlara malik dövlətləri ifadə etmək üçün istifadə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.